Xəbərlər

  • 4 991

Milli Məclisin növbəti iclası keçirilib

image

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib.

Əvvəlcə Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda şərh edən Ziyad Səmədzadə deyib ki, qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə “Banklar haqqında” Qanunu arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

İkinci oxunuşda “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edən Ziyad Səmədzadə bildirib ki, sənədin 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Qanuna, həmçinin “bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək” məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək.

Dəyişikliyə əsasən, bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və səhmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.

Ziyad Səmədzadə Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda şərh edərək bildirib ki, Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər edilir.

Ziyad Səmədzadə “İpoteka haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini ikinci oxunuşda şərh edib. Qeyd edilib ki, qanun layihəsi daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

“Lotereyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edərkən Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu lotereyaların “Fərdi məlumatlar haqqında” Qanuna əsasən dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır. Dəyişikliklərə görə, stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir. Bu qanun layihəsi də Milli Məclisin deputatları tərəfindən ikinci oxunuş üçün razılıqla qarşılanıb.

Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda şərh edib. Bildirib ki, məcəlləyə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının;” məzmunlu 307.2.10-1.-ci maddə əlavə edilir. Bildirilib ki, təqdim edilmiş layihə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli Qanununun icrası ilə əlaqədardır.

Sənəd səsvermə yolu ilə təsdiqlənib. Əli Hüseynli ikinci oxunuşda nəzərdən keçirilən Cinayət Məcəlləsində təklif olunan dəyişiklikləri də şərh edib.

Dəyişikliklərə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu sənəd də səsə qoyularaq təsdiqlənib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşa təqdim edən Əli Hüseynli bildirib ki, dəyişiklik yerin təkindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyətin sərtləşdirilməsi məqsədilə təklif edilir. Yerin təkindən istifadə qaydalarının pozulması ilə bağlı inzibati xətalara görə fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə tətbiq edilən cərimələrin artırılması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuş üçün qəbul edilib.

Əli Hüseynli “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşa təqdim edib. Qeyd olunub ki, layihə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Belə ki, bir sıra hallarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Təqdim olunan layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.

İclasda, həmçinin İnzibati Xətalar, Cinayət məcəllələrində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də ikinci oxunuşda baxılıb. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri ikinci oxunuşda şərh edib. Bildirilib ki, qanun layihəsinə əsasən “Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar” adlı 3-cü maddəyə “əl-barmaq izləri” sözləri əlavə ediləcək. 9.4-cü maddədə isə “vətəndaşa” sözü “vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona” sözləri ilə əvəzlənir.

Sənəd səsə qoyularaq təsdiqlənib. İkinci oxunuşda “Pasportlar haqqında” Qanunda edilən dəyişiklikləri təqdim edən Əli Hüseynli deyib ki, sənədə görə diplomatik pasportlar Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də veriləcək.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Sonra Arif Rəhimzadə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda şərh edib. Deyib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Bildirilib ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanununa uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədi ilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir.

Bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini ikinci oxunuşa təqdim edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Rəfiqə Kamalqızı

Digər xəbərlər