Xəbərlər

  • 4 702

Azərbaycan dünyanın 10 ən islahatçı dövlətlərindən biridir

image

“Doing Business” hesabatı bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin real nəticələri

qlobal miqyasda təqdir edilir

Dünya Bankının hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə, məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır.

Nəticədə, hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq, mövqeləri müəyyən edilir. Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda baza rolunu oynayır. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq, səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” fikirləri öz əksini tapıb.

Qeyd edək ki, Dünya Bankı tərəfindən hazırlanan bu hesabatlarda Azərbaycan hər dəfə irəliyə doğru inamla yüksəlir. Əgər 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdısa, “Doing Business 2018” hesabatında 8 pillə yüksələrək, 57-ci yerə qalxmışdı. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı. Məhz Prezident İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar Azərbaycanın “Doing Business 2019” hesabatında yeni rekorda imza atması ilə nəticələnib.

Bütövlükdə, “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. Məlumat üçün bildirək ki, oktyabr ayının əvvəlində Dünya İqtisadi Forumu da Azərbaycanın liderliyini növbəti dəfə elan etmişdi. Təşkilatın tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın müxtəlif indikatorlar üzrə yüksək nəticələr əldə etdiyi vurğulanırdı. Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib. Bu isə, onu deməyə əsas verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq, hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək, yeni indikatorlar daxil edilib. Ümumilikdə, əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan hesabatda dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla, dünyada ilk pilləyə yüksəlib.

Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Eləcə də, bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olub. Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə 22-ci, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünin azlığına görə 12-ci, hökumətin gələcəyə yönəldilmiş fəaliyyətinə görə 20-ci, dəmir yolu xidmətlərinin səviyyəsinə görə 17-ci, dəniz limanlarının xidmət səviyyəsinə görə 29-cu, internet istifadəçilərinin sayına görə 36-cı, əhali arasında rəqəmsal vərdişlərə görə 15-ci, sahibkarlıq riskinin azlığına görə 21-ci yerdə qərarlaşıb.

Bir sözlə, göründüyü kimi, milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən müstəqil Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini daim möhkəmləndirir. Ümumiyyətlə, çox doğru olaraq, Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq, ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr, onu deməyə əsas verir ki, Azərbaycan daim liderliyini qoruyub-saxlayacaq.

“Səs” Analitik Qrupu

Digər xəbərlər