Xəbərlər

  • 4 546

Azərbaycançılıq ideologiyasından qaynaqlanan layihələr

image

Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək kimi dəyərlərin həyata keçirilməsinə Heydər Əliyev Fondun Moskva Nümayəndəliyinin gördüyü işlər, məhz azərbaycançılıq ideologiyasına söykənən faktorlardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Moskva Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidməti daim diqqətdə olub. Bütün bunların əsasında maarifləndirməni genişləndirmək, dünya təcrübəsindən istifadə edərək, onun Azərbaycan milli-mənəvi dəyərləri zəminində aşkara çıxarıb tədbiqinə nail olmaq dövlətin milli maraqlarına söykənir.

Leyla xanım Əliyevanın Moskvada gördüyü işlər milli-mənəvi dəyərlərimizin təbliğində atılan doğru yoldur. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi, ötürücü rol oynayaraq, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir. “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdrikliyi və siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi edir” - deyən Leyla xanım Əliyeva bu gün müstəqil Azərbaycanda Onun bütün həyatını həsr etdiyi işin, ideyalarının yaşadığını vurğulayıb.

“HƏYATIMIZI NƏİNKİ SAĞLAM, HƏM DƏ MARAQLI VƏ RƏNGARƏNG EDƏN NƏ VARSA HAMISININ QORUNUB- SAXLANMASINA BİRGƏ TÖHFƏ VERMƏLİYİK”

Leyla xanımın layihələri sırasında gənclərin yeni qlobal ekoloji kampaniyası olan İDEA-nı, xüsusilə, qeyd etmək lazımdır. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələlərilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması vardır. Bu kampaniya çərçivəsində artıq ilk addımlar atılıb. Belə ki, BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, gənc ekoloqlar üçün beynəlxalq düşərgələr keçirilib. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələlərdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub- saxlanmasına birgə töhfə verməliyik. Məhz bu münasibətin məntiqi olaraq, İDEA qlobal gənclik ekoloji kampaniyasına start verdi. Qeyd edək ki, İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin, demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, “Bir planet - bir gələcək” devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda “Böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. Kampaniyanın rəhbəri problem barəsində Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmaq və yox olmaq təhlükəsi qarşısında olan növlərin qorunub-saxlanması üçün konkret layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.

“ƏTRAF MÜHİTİN QORUNMASI VƏ DAVAMLI İNKİŞAFIN TƏMİN OLUNMASI ÜÇÜN BÜTÜN DÜNYADA ƏMƏKDAŞLIĞI TƏMİN ETMƏK ÖNƏMLİDİR”

İDEA “Eko Ev” adlı layihəsi çərçivəsində isə enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan tədbirlər reallaşıb. Layihələrinin çərçivəsini və miqyasını genişləndirən İDEA “ASAN Xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsini də qeyd etmək yerinə düşər. Dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilib. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. “Yaşıl iqtisadiyyat”ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. “Ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün bütün dünyada əməkdaşlığı təmin etmək önəmlidir”, - deyən Leyla xanım Əliyeva dünyanın müxtəlif ölkələrində yaşayan gəncləri ekoloji məsələlərin həlli istiqamətində fəal olmağa və bir-biriləri ilə əlaqələr qurmağa dəvət edib. Paytaxımızda keçirilən Krans Montana Forumu, bu baxımdan, əhəmiyyəti ilə yadda qalıb. Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müasir həyatımız üçün vacib olan ətraf mühitin qorunması sahəsində gələcəyin liderlərinin davamlı inkişafı təminində rollarını xüsusi olaraq qeyd etmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda keçirilən “Tullantıdan sənətə” Sərgisi də ətraf mühitin tullantılardan zərəsizləşdirilməsində əhəmiyyətli bir layihə oldu. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək idi. Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin, tullantıların yandırılması nəticəsində, elektrik enerjisi əldə edilir. “Tullantıdan sənətə” Sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirdi. Göründüyü kimi, Leyla xanım Əliyeva “Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik” - deməklə ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasının vacibliyini daim diqqətdə saxlayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər