Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq

Bu gün Azərbaycan Gənclərinin VIII Forumu keçirilir. Bu, bütün gənclərimizin, gənclər təşkilatlarımızın ali tədbiridir. Bu Forum bizim ötən illər ərzində görülən işlərlə bağlı növbəti hesabatımızdır. Ən əsası isə gələcək fəaliyyətimizin planlaşdırılmasıdır. Bu gün biz gənclərin həyata keçirdikləri və keçirəcəkləri layihələrlə bağlı da müzakirələr aparacağıq. İyirmi iki il bundan əvvəl ilk Forumun təşəbbüsçüsü məhz ulu öndər Heydər Əliyev olub. Həmin Forum bütün cəmiyyətə çox gözəl bir mesaj oldu ki, gənclər siyasəti həqiqətən prioritet sahələrdən biridir. O vaxtdan ölkəmizdə uğurlu gənclər siyasəti formalaşıb və həyata keçirilir.
Bu fikirləri jurnalistlərə müsahibəsində Forumun əhəmiyyəti barədə danışan gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazır qeyd edib ki, gənclərlə bağlı üç dövlət proqramı qəbul edilib. Azərbaycan gəncləri dünyanın müxtəlif təşkilatlarında təmsil olunurlar. Bu gün Azərbaycan gənclər təşkilatlarının sayı üç yüzdən çoxdur. Onlar çox mühüm işlər görürlər və bu işlər hər bir sahəni əhatə edir. Azərbaycanın gənclər siyasəti modeli hazırda bir nümunə kimi müxtəlif ölkələrdə istifadə olunur. İnanırıq ki, Forum Azərbaycan gəncliyi, gənclər təşkilatları üçün çox vacib və maraqlı müzakirələrlə yadda qalacaq.

yap.org.az