Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva forumun açılış mərasimində iştirak edib

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum işə başlayıb. AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak ediblər.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə keçirilən forumda çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ətraf mühitin qorunması, təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verən çoxsaylı təşəbbüslərlə yanaşı, ADA Universitetində keçirilən beynəlxalq tədbirlərdə məmnuniyyətlə iştirak edir”.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu cür əhəmiyyətli beynəlxalq forumun ölkəmizdə keçirilməsi Azərbaycanın bütün əməkdaşlıq sahələri üzrə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiqləyir: “Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən aktual məsələlərdən birinə çevrilib. Qeyri-neft sektorunun önəmli bir sahəsi olan aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır. İxracda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı yüksəlib”.

Nazir deyib ki, aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib: “Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Müəyyənləşən vəzifələrə uyğun olaraq fəaliyyət prinsiplərimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqini əsas götürürük. Sevindirici haldır ki, dövlətin göstərdiyi diqqət nəticəsində qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub. Ölkədə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq”.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşə bilər. Türkiyədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək: “Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsullarla, texnoloji yeniliklərlə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov qeyd edib ki, ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və rasional qidalanmasının təmin edilməsi diqqətdə saxlanılır: “Kənd təsərrüfatı iqtisadiyyatın mühüm sahəsidir. Aqrar sektor nə qədər inkişaf etsə də, biz ekoloji tələbləri gözləməli, ekosistemi qorumalıyıq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirdiyi ekoloji layihələr xüsusi olaraq qeyd edilməlidir”.

A.Əmiraslanov deyib: “Bu gün aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Aqrar sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr, prinsiplər və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o, dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində, yoxsulluğun azaldılmasında, ən əsası isə sosial problemlərin həllində və ərzaq təminatında xüsusi rol oynayır. Məhz bu amillərə görə ölkə başçısı aqrar sahəyə həssaslıqla yanaşır, kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxır”.

Energetika naziri Pərviz Şahbazov isə deyib: “Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı və energetika sahələrində də beynəlxalq təcrübəyə uyğun islahatların aparıldığı bir dövrdə bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bugünkü forumun əsas məqsədi aqrar və energetika sahələrinin gələcəyi, aqrar sahədə yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin tətbiqi kimi aktual mövzular ətrafında fikir mübadiləsinin aparılmasından, bu sahədə qabaqcıl təcrübəyə və dünyada müşahidə olunan trendlərə nəzər salmaqdan ibarətdir. Azərbaycan enerji siyasətini yeni çağırışlara uyğunlaşdıraraq, enerji təhlükəsizliyi məsələsinə çoxşaxəli yanaşır”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, forum aktual mövzuya həsr olunub və BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası baxımından da olduqca əhəmiyyətlidir: “Bu gün ölkəmiz yeni inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır. Ölkədə ixrac potensialının gücləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Qəbul olunmuş Strateji Yol xəritələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapmaqdadır. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən çox islahat aparan dövlətləri siyahısına daxil edilib”.

Forum çərçivəsində yaşıl texnologiyalara həsr olunan sərgi də nümayiş etdirilib. Burada yeni innovativ ekosistemlər, yaşıl texnologiyalar və onların tətbiqi ilə hazırlanan məhsullar sərgilənir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır. İki gün davam edəcək forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur. Həmçinin “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.