Xəbərlər

  • 2 649

Siyavuş Novruzov: “Biz niyə susmalıyıq?”

image

“Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər. İnternet üzərindən yayımlanan televiziya kanallarını, saytları açdıqda dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin, ictimai-siyasi sabitliyinin qorunmasında, dövlətimizin qurucusu Ümummilli Lider haqqında olmazın təhqiramiz fikirlərini söyləyirlər. Biz niyə susmalıyıq?”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Parlamentin dünən keçirilən plenar iclasında çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, bir qrup deputat onlara cavab verməklə onların səviyyəsinə düşəcəyimizi deyir: “Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bir bəhanı ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, Ümummilli Lideri qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxətlif bəhanələrlə aradan çıxıb, gedib xaricdə, orda-burda oturub Azərbaycan haqqında təxribat aparırlar”.

Üzünü hüquq-mühafizə orqanlarına tutan S.Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb aidiyyatı strukturların qarşısına qoyun: “Sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanılmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada dövlətə qarşı məqalə və yazı yazan biri gecə ilə həbs edilir. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq mühafizə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir”.

Deputat qeyd edib ki, hüquqi demokratik mübarizədən söhbət gedirsə, gəl mübarizəni apar: “Bu gün Azərbaycan kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərçivəsində mitinq keçirir, etirazını edir. Demokratik mübarizənin yolu budur. Antidemokratik mübarizənin yolu isə hüquq mühafizə orqanlarından keçir. Bu məsələ ciddi şəkildə həll olunmalıdır ki, başqaları onlara qoşulmasın. Deputatlar da bu məsələlərə mövqeyini bildirməlidir. Əgər onlar dövləti təhqir edirsə, bu, bütün millət vəkillərinə də aid edilir”.

Nailə Məhərrəmova

Digər xəbərlər