Xəbərlər

  • 3 011

“Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik”

image

Yeni seçilmiş Ararat Mirzoyanın Ermənistan Parlamentində etdiyi ilk çıxışında ermənilərə qarşı uydurma qırğından bəhs etməsi, “tarixən zorakılıqlarla üzləşmiş bir xalq kimi, hər hansı milli azlığa qarşı zorakılığın törədilməsinə dözümlülük nümayiş etdirə bilmərik” kimi fikirlər səsləndirməsi erməni spikerinin özünün inandığı yalanlara başqalarını da inandırmaq kimi uğursuz cəhdidir

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri Ararat Mirzoyanın “bu günlərdə 1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” fikirlərinə münasibət bildirərkən deyib.

L.Abdullayevanın sözlərinə görə, bu fikri söyləyən Ermənistan Parlamentinin spikeri son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz, əlbəttə:

“Ancaq tarixin bəzi səhifələrini silib, onu öz istədiyi şəkildə yazmaq istəyənlərə çox deyil, yalnız son onilliklər ərzində ermənilər tərəfindən törədilmiş bəzi qanlı hadisələri xatırlatmaq istərdim.

1988-1991-ci illərdə, Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmişdir. 1988-ci il 18 sentyabr tarixində Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlı şəhərdən zorakılıqla çıxardılaraq evləri yandırılmışdır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yalnız Dağlıq Qarabağ ərazisindən 50 min azərbaycanlı soyqırımına və təcavüzə məruz qoyulub və didərgin salınıb. Bu dövr ərzində etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərədək azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovulub. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bu günədək dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib. Ümumilikdə, Ermənistanın işğalçı siyasəti nəticəsində hazırda bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etdiyim kimi, sadaladıqlarım yalnız son onilliklər zamanı Ermənistan tərəfindən törədilmiş qanlı hadisələrdir. Mən hələ XX əsrin əvvəllərində 1905-07, 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımını qeyd etmədim.

Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə, onların acınacaqlı nəticələrinə bir daha nəzər yetirməyi və bəyanatlarını xalqlararası nifaqın qızışdırılması deyil, bölgədə sülh, tərəqqi və gələcək inkişaf naminə verməyi tövsiyə edirik”.

Digər xəbərlər