Xəbərlər

  • 4 584

Milli dəyərlərimizi yaşadan Azərbaycanın Birinci Xanımı

image

Mehriban xanım Əliyevanın “Üzeyir Hacıbəyli” fəxri medalına layiq görülməsi milli-mənəvi dəyərlərimizə olan qayğısının məntiqi nəticəsidir

Heydər Əliyev Fondu fəaliyyətə başladığı zamandan saysız-hesabsız layihələri reallaşdırıb, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına öz töhfəsini verib. Heydər Əliyev Fondu ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti vətənsevərliyə, iradəyə və qüdrətə kökləndiyindən, qarşısına qoyduğu məqsədlər miqyası ilə diqqəti cəlb edib. Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verib. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifinə də çevrilib. Məhz Onun xidmətləri sayəsində muğam sənəti YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib. Bu siyahı İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin, Novruz bayramı və s. ilə davam etdirilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunub, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilib, muğam televiziya müsabiqələri keçirilib.

Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsində qalib gələn Azərbaycan Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2012-ci ildə 57-ci dəfə keçirilən müsabiqəni uğurla reallaşdırdı, Qərb ilə Şərqin qovuşuğunda yerləşən ölkəmiz bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin uğurlarıdır ki, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyləri YUNESKO səviyyəsində qeyd olundu, xalq artisti, bəstəkar Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomu hazırlandı, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisi təşkil edildi. Fransanın sənət nümunələrinin toplandığı “Fransız inciləri” kolleksiyası Bakıda nümayiş olundu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi açıldı, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başladı.

Mədəni irsin, maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlər göstərən Mehriban xanım Əliyeva Azərbaycan milli dəyərlərinin təbliğində dünya sərhədlərini asanlıqla keçə bilib. Sərhədsiz Azərbaycan dünyasını yaradıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə musiqi sənətimizin yaşaması və gələcək nəsillərə ötürülməsi ilə bağlı nəşr etdirdiyi kitablar da milli-mənəvi irsimizə yüksək münasibətin olması ilə yanaşı, təbliği istiqamətində əhəmiyyətlidir. Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan xalçaları” kataloqunun nəşri, “Muğamı yaşadanlar” adlı bukleti, “Ömür salnaməsi” və s. Azərbaycanın musiqi mədəniyyətinə olan diqqətdir. Eləcə də, keçən əsrin əvvəllərində, ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər 260 video və audio materiallar MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanıb. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər, ilk dəfədir ki, bütün halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

Bütün bu görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Muğam haqqında əlyazmalar toplusu” da nəşr edilib. Topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir. 3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli məlumatlar yer alıb. Əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri, uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli məlumat mənbəyinə çevrilib. 2-ci kitab “Musiqi haqqında risalələr” adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşayiət olunur. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb. “Muğam üstündə oxunan şeirlər” adlanan 3-cü kitabda Pirinin, Hüdayinin, Yunus İmrənin, Zakirin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanılıb. Heydər Əliyev Fondunun bu layihəsi mədəniyyətimizə növbəti töhfə oldu. Bu nəşr bir daha Azərbaycan muğam sənətinin qədim tarixi və bu tarixi yaşadan- yaradan sənətkarlarla tanışlıq imkanı verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Birinci Muğam Müsabiqəsi də keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən, ənənəvi olaraq, bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi bərpa edilərək, rəngli versiyası hazırlanıb. Azərbaycan musiqisinə, Üzeyir dünyasına həsr olunan tədbirlər, gerçəkləşən layihələr böyük rəğbət və məhəbbətlə qarşılanır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub- saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. Xatırladaq ki, bu, “Üzeyir Hacıbəyli” fəxri medalının ilk nüsxəsidir.

Mehriban xanım Əliyevanın “Üzeyir Hacıbəyli” fəxri medalına layiq görülməsi onun milli-mənəvi dəyərlərimizə və mədəniyyətimizə xidməti kimi qiymətləndirilir. Azərbaycan mədəniyyətinin hamisi olaraq öz töhfələrini, ardıcıl olaraq, əzmkarlıqla təqdim edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər