Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rafael Gülməmmədovun daxil olduğu nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin milli münasibətlərin tənzimlənməsi ilə bağlı Çin təcrübəsinə dair təşkil etdiyi tədbirdə iştirak edib. Tədbirdə bir çox ölkələrin aparıcı siyasi partiyalarının nümayəndələri iştirak ediblər.

Səfər barədə məlumat verən YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, 21-27 fevral tarixlərində reallaşan səfərin ilk günü tədbir iştirakçıları Çinin cənubunda yerləşən azad iqtisadi zonada əldə olunan nailiyyətlərlə tanış olublar. Nümayəndə heyətləri Quandou vilayətinin mərkəzi şəhəri olan Quanjou şəhərində elekrtrotexnika müəssisələrinin işinə baxış keçiriblər. Bu müəssisələrdə ən müasir avadanlıqlar, az işçi qüvvəsi ilə müasir məhsullar istehsal edilir.

Eyni zamanda, tədbir iştirakçıları kontinental Çinlə onun xüsusi əraziləri olan Makau və Honkonq ərazilərini birləşdirən 55 km-lik körpü ilə tanış olublar. Bu körpü uzunluğuna və texniki təhcizatına görə dünyada birincidr. 7 il ərzində tikilən körpünün inşası 20 milyard dollara başa gəlib. Bu körpünün tikilməsi nəticəsində həmin ərazilərin məsafəsi 3.30 saatdan 30 dəqiqəyə qədər qısalıb. Səfər zamanı nümayəndə heyətləri Çində ən hündür teleqüillə olan Quanjou qülləsi ilə də tanış olublar.

Tədbir çərçivəsində nümayəndə heyətləri Quandou vilayət Xalq Məsləhət Şurasının sədri ilə görüşüblər. Görüşdə 114 milyon əhalisi olan vilayətin sosial-iqtisadi inkişafı haqqında məlumat verilib. A.Mirzəzadə bildirib ki, səfərin üç günü Sincan Uyğur muxtar rayonunun mərkəzi olan Urumçi şəhərində keçib. Onun sözlərinə görə, rayonunun partiya katibi həm də Çin Kommunist Partiyasının katiblərinin biridir, partiyanın büro üzvüdür. Çin dövləti bu rayonun problemlərinin həllini diqqətdə saxlayır.

Səfər zamanı qonaqlar muxtar rayonun İslam İnstitutu və Cümə məscidi ilə tanış olublar. Nümayəndə heyətləri burada İslam dinin qorunub saxlanması, dini ayinlərin həyata keçirilməsi üçün din xadimlərinin hazırlanması prosesi ilə tanış olublar.

Bundan başqa, bölgədə müasir sənaye müəssisələrinə işinə baxış keçirilib. Tədbirin sonunda YAP nümayəndə heyəti Urumçi Mərkəzi Sarayında rayon rəhbərliyinin iştirakı ilə muxtar rayonda milli məsələlərin həlli ilə əlaqədar görülən işlərlə bağlı keçirilən kofransda iştirak edib. Konfransda həm rayon partiya komitəsinin rəhbəri, həm də bölgənin milliyətcə uyğur olan hökumət sədrinin sosial-iqtisadi inkişafla bağlı, eləcə də uyğurların hüquqlarının qorunması istiqamətində məlumatları dinlənilib. Konfransda ayrı-ayrı millətlərin nümayəndələri çıxış edərək bu yöndə görülən işləri müsbət qiymətləndiriblər.

Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti keçirilən görüşlər zamanı Azərbaycanın inkişafı, ölkəmizin həyata keçirdiyi transmilli layihələrin əhəmiyyəti, o cümlədən Azərbaycan-Çin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrinə dair fikir mübadiləsi aparılıb.