Xəbərlər

  • 5 209

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təşkil olunan akademik kursların məzunlarına sertifikatlar verilib

image

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında təşkil olunan akademik kursların növbəti məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu tədbirin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd mühafizəsi strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin növbəti təntənəsi olduğunu qeyd edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəstəyi ilə DSX-də mükəmməl tədris sisteminin formalaşdırıldığı xüsusi vurğulanıb. DSX-nin Xüsusi Məktəbində, Akademiyasında və akademik kurslarda 14 illik ümumi təhsil müddətində zabit heyətinin milli dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, peşəkar zabit və vətənpərvər vətəndaş kimi yetişdirilməsi, nəticə etibarilə Vətən hüdudlarının layiqli müdafiəçisi kimi formalaşdırıldığı qeyd olunub.

Bildirilib ki, bu mükəmməl hərbi təhsil sisteminin əsasını təşkil edən DSX Akademiyasının 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yaradılması sayəsində ali hərbi təhsilli sərhədçi zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, dövlət sərhədlərinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılması sahəsində önəmli nəticələrin əldə olunub, mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir edildikdən sonra ən müasir tədris bazası ilə təmin olunaraq Dövlət Sərhəd Xidmətinin balansına verilmiş Xüsusi Məktəbdə 7 il ərzində DSX Akademiyası üçün layiqli kursantların hazırlanması, bu təhsil ocağına daxil olmaq barədə müraciətlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artması, 2019-cu ildə bir kursant yerinə 26 namizədin müraciət etməsinin sərhədçi peşəsinə böyük marağın göstəricisi olduğu bildirilib.

Akademik kursların bitirilməsinə həsr olunmuş təntənəli tədbirin Azərbaycan hərb tarixinin zəfər günləri olan 2016-cı ilin Aprel döyüşlərinin ildönümünə təsadüf etməsi ilə əlaqədar Vətən uğrunda həyatlarını qurban vermiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi vurğulanıb ki, həmin günlərdə Ermənistan ordusunun hərbi birləşmələrinin təxribatının qarşısının alınması zamanı Azərbaycan əsgərinin, çavuşunun, gizirinin, zabitinin qəhrəmanlığı, cəsarəti və rəşadəti sayəsində düşmənin alınmaz bildiyi döyüş mövqeləri, qərargahlar və hərbi hissələr darmadağın edilib. Azərbaycanın hərbi qüdrətinin nümayiş etdirilməsi, Azərbaycan sərhədçilərinin bu qələbənin əldə olunmasına ciddi töhfə vermələri, şəxsi heyətimizin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımızı işğaldan azad etmək üçün hər bir döyüş tapşırığının icrasına daim hazır olmaları xüsusi qeyd olunub.

Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər. Sonda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə şəkli çəkilib.

Digər xəbərlər