Xəbərlər

  • 4 754

Sabirabadda “Sosial sahədə islahatlar Azərbaycanda uğurla davam edir” mövzusunda müşavirə keçirilib

image

Müşavirədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov iştirak edib

Sabirabadda Heydər Əliyev Mərkəzində “Sosial sahədə islahatlar Azərbaycanda uğurla davam edir” mövzusunda müşavirə keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov, millət vəkilləri, YAP-ın 10 rayon təşkilatının sədrləri, qadınlar şuralarının sədrləri, idarə heyətinin üzvləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak edib. Müşavirədən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, müşavirədə 10 rayonun - Biləsuvar, Salyan, Neftçala, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli və Cəbrayıl rayon təmsilçiləri iştirak edirlər.

Müşavirəni giriş sözü açan Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov tədbir iştirakçılarına Sabirabad rayonunda sosial sahədə görülən işlər haqqında məlumat verib. Prezident İlham Əliyevin rayona 8 dəfə səfər etdiyini xatırladan icra başçısı söyləyib ki, ölkə başçısı tərəfindən rayonun sosial qitsadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 25 Sərəncam imzalanıb: “Sərəncamda nəzərdə tutulan tədbirlərin əksəriyyəti əhalinin sosiol problemlərinin həllinə, rifah halının yaxşılaşdırılmasına yönəldilib. Bunun nəticəsində Sabirabad rayonunda çox böyük layihələr həyata keçirilib, rayon üzrə ÜDM 7,9 dəfə artıb”.

Daha sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan bütün nailiyyətlər, ilk növbədə insanlarımızın rifah halının, həyatının yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə istiqamətlənib.

Ə.Əhmədov bildirib ki, baş verən dəyişikliklərin insanlarımız tərəfindən dərk edilməsi və buna uyğun şəkildə həyatlarını qurması dediklərimizə bariz nümunədir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın bütün həyatında, regionlarında olduğu kimi Sabirabad rayonunun da həyatında baş verən dəyişikliklər Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, siyasi iradəsi ilə birbaşa əlaqədar olub. Bu il Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 iliyi qeyd olunacaq. Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər təyin olunmasından sonra ciddi və fundamental dəyişikliklər baş verib”.

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmizdə təqaüdlərin 116 manatdan 160 manata, yəni 38 faiz artması 300 min vətəndaşın həyatında müsbətə doğru dəyişiklik baş verib: “Eyni zamanda bu və ya digər xarakterli müavinət, güzəştlər alan əhali təbəqələri ciddi şəkildə say etibarı ilə çoxalıb. Büdcə vəsaitlərinin ciddi şəkildə artımı nəticəsində Azərbaycan əhalisinin əhəmiyyətli kəsimi, xüsusilə aztəminatlı hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar çox ciddi işlər həyata keçirilib. Hesab edirik ki, görülən işlər sosial problemlərin həlli istiqamətində Azərbaycanda çox ciddi addımların atılmasından xəbər verir”.

YAP-ın sədr müavini-icra katibi bildirib ki, bundan sonra Azərbaycan hökumətinin iqtisadi imkanlarının artması nəticəsində Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşdırılması istiqamətində daha ciddi tədbirlər, hökumət layihələrinin həyata keçirilməsi gözlənilir: “Bir daha vurğulamaq istəyirəm ki, sosial problemlərin həlli istiqamətində istənilən addımın atılması hər şeydən əvvəl müvafiq maddi bazanın iqtisadi imkanlarının mövcud olması ilə əlaqədardır. Ona görə də Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin insanlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi bütün tədbirlər ciddi şəkildə əsaslandırılmış siyasət şəklində təqdim olunmalıdır”.

Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda geniş miqyasda aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizin iqtisadi infrastrukturunun yenilənməsi, müasirləşməsi nəticəsində yeni iş yerlərinin açılması ilə bağlı görülən tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması istiqamətində daha etibarlı bazanın yaradılması kimi vacib işlər həyata keçirilir: “Təbii ki, insanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir. Burada da qeyd edildiyi kimi Sabirabadda da bu istiqamətdə çox böyük işlər görülür, bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. Sual oluna bilər ki, niyə indi Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial yönümü qabarıq şəkildə ortaya çıxıb. Təbii ki, insanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi insanlarımızın rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur”.

Daha sonra deputat Əhliman Əmiraslanov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Füzuli rayon təşkilatının sədri Almas Həşimova, YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov və digərləri çıxış edərək ölkədə aparılan sosial islahatlar barədə öz fikirlərini bildiriblər.

Digər xəbərlər