Xəbərlər

  • 5 852

Şərqdə ilk demokratik Respublika

image

Tariximizin ən şərəfli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 101 il ötür

Bu gün 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən 101 il ötür. 71 il sovet imperiyasınının buxovlarında yaşayan Azərbaycan, müstəqilliyini bərpa etdikdən sonra, hər il ölkəmizdə 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramın nümunəsi kimi tarixiləşdi.

Müsəlman Şərqində ilk demokratik respublika olan AXC ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. AXC Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etdi.

AXC-NİN HƏYATA

KEÇİRDİYİ TƏDBİRLƏRİN MİQYASI GENİŞ VƏ

ƏHATƏLİ İDİ

AXC, xüsusən, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla, milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdi. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” Muzeyi təşkil olunmuşdu. Eyni zamanda, Bakıda Etnoqrafiya Muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdı. Xalq Cümhuriyyətinin zəngin, rəngarəng və orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdu.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın, ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdı. Azərbaycan hökuməti Türk Teatr Truppasını öz himayəsinə almışdı. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri və dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır.

AZƏRBAYCAN İKİNCİ

DƏFƏ ÖZ

MÜSTƏQİLLİYİNƏ

QOVUŞDU

XX əsrin 90-cı illərində, Azərbaycan da daxil olmaqla, bütün İttifaq respublikalarında başlanan və Sovet İttifaqının dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 71 il sonra - 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət və ən böyük dəyər kimi qiymətləndirirdi: “Müstəqilliyi əldə etmək, onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə və həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

DÖVLƏT BAŞÇISININ RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZDƏ

DEMOKRATİK, HÜQUQİ, DÜNYƏVİ DÖVLƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU PROSESİ UĞURLA DAVAM

ETDİRİLİR

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələri icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə, Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq, hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər