Xəbərlər

  • 5 251

Milli Qurtuluş Günü Ulu Öndərin adı ilə bağılıdır

image

Ötən əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin bir dövr hesab olunur. Uzun və keşməkeşli bir dövrü, 70 illik ağır sınaqlarla dolu bir yolu adlayan Azərbaycan üçün azadlıq, müstəqillik neçə-neçə qurbanlar demək idi. Bir tərəfdən də, hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu keşməkeşlərdən, bəlalardan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün dərin zəka və güclü məntiqə malik bir şəxsiyyət lazım idi ki, xalq həmin şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu çox yaxşı bilirdi və heç də təsadüfi deyildi ki, məhz Azərbaycan xalqı bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi.

Tarixin ən çətin, ən məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət, məhz Ümummilli Lider Heydər Əliyev olduğu tarixi reallıqdır. Bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanı ən çətin faciələrdən xilas edən Ümummilli Liderin misilsiz fədakarlıqları danılmazdır.

Azərbaycanın mövcudluğu, ən böyük tarixi nailiyyət olan müstəqilliyin təminatı milli qurtuluş fəlsəfəsinin əsasını təşkil edir

Xalqın səsinə səs verən və hakimiyyətə qayıdan Ümummilli Lider, ilk növbədə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Bu isə, öz növbəsində, bəhrəsini verdi və ölkəmiz parçalanmaq, dağılmaq, ən azından ötən əsrin əvvəllərində olduğu kimi, yenə də müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Bu, həm də Azərbaycanın, eyni zamanda, onu gözləyən digər, siyasi, iqtisadi və sair böhranlardan da qurtuluşu hesab olunur. Gözlənilən və artıq reallaşmaqda olan vətəndaş müharibəsindən qurtulan ölkəmiz, bütün sahələrdə yaranacaq böhrandan da yaxa qurtardı.

Heç də təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, çünki dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan, Azərbaycan xalqı gözlənilən bütün bəlalardan, fəlakətlərdən qurtulub, ölkəmizin müstəqilliyi qorunub, tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb, və inkişafın təməli qoyulub. Milli qurtuluş ideologiyası və təntənəsi artıq öz bəhrəsini uzun müddətdir ki, verib və müstəqil respublikamızın davamlı inkişafında bu öz təsdiqini tapmaqdadır.

Milli qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyinin təminatı anlamına gəlir. Xalqın təkidli tələbilə iyunun 15-də ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərin xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi ilə ölkəmiz uzun illər davam edən gərginlik və qarşıdurmadan, vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən qurtuldu. Məhz elə bu səbəbdən də, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

O zamankı səriştəsiz hakimiyyət Azərbaycanın müstəqilliyinin artıq ikinci dəfə itirilməsi kimi arzuolunmaz reallığa yol açırdı

Doğrudur, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etmişdi və 70 illik əsarətdən xilas olmuşdu da. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu, eləcə də, dövlət əsaslarının, dövlətin bütün təsisatlarının boşluğu xaosa gətirib çıxardığı da inkar edilə bilməz. Bu xaosda Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətəndaş müharibəsi, qarşıdurmalar belə gözlənilirdi ki, bu da müstəqilliyin itirilməsini labüd edirdi.

Unutmaq lazım deyil ki, Azərbaycan öz müstəqilliyini bir dəfə də, yəni ötən əsrin əvvəllərində də əldə etmişdi. Bu müstəqilliyi elan da etmişdi və tanınırdı da. Lakin bu müstəqilliyi qorumaq, saxlamaq mümkün olmadı. Məhz əsrin sonunda da yenidən əldə edilən bu müstəqilliyin ikinci dəfə də əldən getməsi təhlükəsi heç cür inkar edilə bilməz. Təsəvvür etmək heç də çətin deyil ki, səriştəsiz idarəetmə, təcrübəsiz rəhbərlik sayəsində, hakimiyyət hərisliyi, kürsü bölgüsü səbəbindən, parçalanmalar reallığa çevrilirdi. Ölkəmizə düşmən mövqedə olan qüvvələr üçün isə bu şərait son dərəcə sərfəli hesab olunurdu və bundan yararlanacaqlarına zərrə qədər də şübhə yeri yox idi.

Xatırladığımız kimi, artıq Gəncədə yaranan narazılıq, istefa tələbləri, ələlxüsus, prezidentin belə istefası tələbi qarışıqlıq yaratmaqda idi. Surət Hüseynovun ətrafında toplaşanların paytaxta belə ültimatunlar verməsi heç də xeyir əlaməti deyildi. Hətta onun tərəfdarlarının Bakıya gəlişinin qarşını almaq üçün tədbirlər də görülürdü. Bu isə, sözsüz ki, qarşıdurma, hətta vətəndaş müharibəsi demək idi və bundan Azərbaycanın yalnız ziyan görə biləcəyi şübhə doğura bilməz. Belə bir qarşıdurma, belə bir vətəndaş müharibəsi isə, öz növbəsində, yenicə əldə edilmiş müstəqilliyin süqutu, ən azından, əldən getməsi demək idi. Çünki düşmən kəsilən qüvvələr bu məqamdan məharətlə istifa edə bilərdilər. Buna hazırlaşırdılar da.

Yaxud Əlikram Hümbətov kimi birinin “Talış-Muğan Respublikası” yaratmaq cəhdinin özü də vətəndaş müharibəsi anlamına gəlirdi. Çünki belə bir iddia qəbuledilməz idi və qarşıdurmalara real əsaslar yaradırdı. Həmçinin, ölkə daxilində bir respublika yaratmaq iddiası haqqında danışılan parçalanmanın labüdlüyünün əyani sübutudur. Hümbətovun belə bir fikri ortaya atması parçalanma niyyətindən xəbər verirdi ki, bu da düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Əslində, Əlikramların, Surətlərin hər biri elə düşmən qüvvələr tərəfindən verbofka olunmuşlar idilər və niyyətləri bu yenicə müstəqillik əldə etmiş ölkəmizi parçalamaq idi. Bu niyyət isə, sözsüz ki, müstəqilliyin əldən alınması, yaxud Azərbaycanın müstəqilliyinin artıq ikinci dəfə itirilməsi kimi arzuolunmaz reallığa yol açırdı.

Nə erməni təcavüzü, nə vətəndaş müharibəsi təhlükəsi o zamankı hakimiyyəti maraqlandırmırdı

“Əslində, bu şəraiti, parçalanmaları, xaosu yaradanlar kimlər idi” deyə bir sual da ortaya çıxır. “Belə qarışıqlıqlar, narazılıqlar və xaos nədən qaynaqlana bilərdi və səbəb nə idi” deyə düşünməyə vadar edir. Nəyə görə Gəncədə bir nəfər paytaxt Bakıya ültimatumlar göndərmək qədər özünü qüdrətli bilirdi? Nə səbəbə cənub bölgəsində bir nəfər ayrıca bir respublika qurmaq iddiasına düşmək niyyətinə düşmüşdü? Təbii ki, respublikanın idarə edilməsindəki qüsurlar, daha doğrusu, ölkənin idarəsizliyi, o zamankı hakimiyyətin səriştəsizliyi, hakimiyyət bölgüsü uğrundakı o zamankı AXC-Müsavat didişmələri buna yol açırdı.

Parçalanmaq, məhv olmaq, müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalınan belə bir vaxtda, qarmaqarışıqlıqda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyinin Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlməsi o zaman yeganə çıxış yolu hesab olunurdu. Əbəs yerə deyildi ki, Azərbaycan xalqı Ulu Öndərin hakimiyyətə gəlişini təkidlə tələb edirdi. İndi etiraf etmək lazımdır ki, məhz Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi bütün bu problemlərin dərhal həllini təmin etdi və bütün çətinliklərin öhdəsindən gəlindi. Daha açıq şəkildə desək, itirilmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimiz, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində qorunub-saxlanıldı və ümumiyyətlə, bütün təhlükələrdən, problemlərdən qurtuldu. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, əmin-amanlıq, siyasi sabitlik yarandı. Bir sözlə, Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağılıdır.

Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız isə böyük xilaskarının xidmətlərini unutmur və məhz buna görə də, 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

İnam HACIYEV

Digər xəbərlər