DSX-nin rəhbərliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü dövlətçiliyə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti, qayğısı və etimadı dayanır. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə avqustun 16-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub. Sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.