Xəbərlər

  • 3 784

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

image

Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunduğunu iddia etməyə başlayıb.

Hələ o illərin canlı şahidləri Azərbaycan əhalisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusunda bildirib.

Statusda deyilir: “AXC-Müsavat hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.

Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.

Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?

Parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və bu səbəbdən işğalın qarşısını ala bilməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi. Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini xalqımız unutmayıb:

1. Heydər Əliyev ölkəni AXC-Müsavat tandeminin səriştəsiz idarəçiliyi, xəyanət səviyyəli səhlənkarlığı ucbatından məhvolma təhlükəsindən, silahlı vətəndaş qarşıdurması girdabından xilas etdi;

2. Heydər Əliyev Azərbaycanı yaxşı halda federallaşmaya, əslində isə siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm meyillərinə qarşı ölkənin bütün vətəndaşlarını vahid dövlətçilik - azərbaycançılıq ideyası ətrafında yığaraq səfərbər etdi. İstər cənub, istər şimal-şərq, istərsə də şimal-qərb regionlarının ziyalıları, sıravi vətəndaşları Heydər Əliyevin çağırışlarına səs verərək separatizm ocaqlarını söndürdülər və Azərbaycan bölünüb parçalanmaq təhlükəsindən xilas oldu;

3. Heydər Əliyev mövcud olmayan, “səhra komandirləri”nin daxili “razborkalar”, müdafiə nazirinin isə digər nazirlikləri və Prezident Aparatını zəbt etmək üçün istifadə etdiyi silahlı qüvvələrdən qısa müddətə real, vətənpərvər əsgər və zabitlərdən komplektləşdirilmiş milli ordu qurmağa nail oldu. Bu ordu Horadizdə, Cəbrayılda ilk ciddi uğurlarını qazandı, indi bəzi memuarlardan bəlli olduğu kimi, digər paytaxtlarda cızılan və Azərbaycanın müxtəlif ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qısa müddətdə toparlanıb real gücə çevrilməsi Ermənistanı atəşkəs müqaviləsinə getməyə məcbur etdi;

4. Heydər Əliyev Azərbaycan daxilində günü-gündən genişlənən xaosun, hüquqi özbaşınalığın, “polis-reket” sisteminin, qarətçiliyin, “qanuni oğrular” hakimiyyətinin qarşısını aldı. Ölkədə qayda-qanun bərqərar edildi. İndi sevmədiyiniz ifadələri təkrarlayaq: insanlar gecələr oğurlanmaq, şikəst edilmək qorxusu olmadan küçəyə çıxmağa başladı;

5. Heydər Əliyev Azərbaycanı sizin öz hakimiyyətinizi və bütövlükdə gənc dövləti bütün dünyaya düşmən edən bərbad xarici siyasətdən xilas etdi. Bəzən Ustad müəllim kimi Azərbaycanın xəritəsi ilə dünyanı dolaşaraq gerçəklərimizi, problemlərimizi dünyaya tanıtdı, irqi-etnik təəssübkeşliklə dünyaya meydan oxumağın, “İranı viran etmək”, “Rusiyanı parçalamaq”, “Çinə türk bayraqları sancmaq” xülyalarının xarici siyasət kursu olmadığına dünyanı inandıra bildi, Ermənistan istisna olmaqla, heç bir qonşu dövlətlə problemi olmayan, komplimentar xarici siyasət kursu tətbiq etdi.

Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət əxlaqını dərk etmədən atıb qaçdığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığınızı xilas etdiyi üçünmü Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz?

Daxili işlər naziri dünyanı nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanlarmı torpaq itkisində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvdən xilas edən Heydər Əliyevmi?

Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursunuz...”.

Digər xəbərlər