Xəbərlər

  • 3 724

Əli Həsənov: “Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdır”

image

Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Milli birliyin, həmrəyliyin alternativini görmürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 12-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısında jurnalistlərə müsahibəsində deyib.

Dialoqun əksinin qarşıdurma və qeyri-qanuni mübarizə olduğunu bildirən Əli Həsənov deyib: “Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masası arxasında müzakirələr aparıla bilər”.

Siyasi mübarizəsini söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildirən Əli Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz. “İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər”,-deyə Prezidentin köməkçisi bildirib.

Digər xəbərlər