YAP İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada, Milli Məclisin deputatları, siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi bəyanat gündəmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Bu bəyanat təkcə Azərbaycan cəmiyyətində deyil, daha geniş müstəvidə müzakirə olunur. Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatı sadəcə olaraq danışıqlar prosesində Azərbaycanın dəfələrlə səsləndirilmiş mövqeyinin bir daha təkrarlandırılması demək deyil. Bu bəyanatın daha böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır.

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi. Onun hədəflərindən biri Ermənistandır. Bununla Ermənistan cəmiyyətinə mesaj verililir ki, Ermənistan öz xülyasından əl çəkməlidir. Mesaj ünvanlanan hədəflərdən biri beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürüblər”-deyən YAP Sədrinin müavini qeyd edib ki, Qarabağın erməni əhalisi Qarabağın Azərbaycan əhalisinin sayının 1 faizinə bərabərdir.

Baş nazirin müavini söyləyib ki, Prezident İlham Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi: “Bu gün ölkəmizin hər yerində “Qarabağ Azərbaycandır” sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda Bakı Nəqliyyat Agentliyi ilə birlikdə bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib”.

YAP Sədrinin müavini qeyd edib ki, “Qarabağ Azərbaycandır!” mesajı cəmiyyətin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən mühüm ideyalardan biridir. Bu baxımdan, “Qarabağ Azərbaycandır!” ideyası böyük bir hərəkata çevriləcək. Bu ideyanın ətrafında cəmiyyətimizin üzvlərinin fəal çəkildə birləşməsi bunu deməyə əsas verir.

Əli Əhmədovun sözlərinə görə, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesinin normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir”.

Dəyirmi masada çıxış edən Milli Məclisin deputatlarından Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bəxtiyar Əliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Hikmət Babaoğlu, Elman Nəsirov eləcə də politoloq Mübariz Əhmədoğlu və digərləri Prezident İlham Əliyevin bəyanatının tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu baxımdan, “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması sosial sifarişə çevrilib.