Xəbərlər

  • 4 311

“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib

image

Oktyabrın 14-də “Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov konfransı açaraq son vaxtlar sosial medianın imkanlarının artması ilə media azadlıqlarının da artdığını söyləyib. Əlavə edib ki, bununla yanaşı, mənfi hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. İnanırıq ki, bu konfrans bu məsələdə platforma kimi özünü təsdiqləyəcək.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxış edərək Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycan və Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. Sədr Türkiyənin media ilə bağlı çoxlu sayda təşkilatının olduğunu qeyd edib. Əlavə edib ki, bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır. Türk düşməni olmayan jurnalistlər üzvlərimizdir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün türk dünyasının gözünün Bakıda olduğunu söyləyib. Bildirib ki, Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq.

Əli Həsənov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin multikultural cəmiyyətdə yaşadıqlarını vurğulayıb. O qeyd edib ki, Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalət qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yazın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət axtarırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması tələb edilir. Ancaq 20 ildən çoxdur qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir.

Prezidentin köməkçisi bu konfransın Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaratdığını vurğulayıb. O deyib ki, Azərbaycan bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Medianın imkanlarından istifadə edərək həm Türkiyənin, həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq. Diasporumuzu və mediamızı birləşdirməli və haqsızlıqlara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək verir. Haqq işində Azərbaycan Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyir.

“Habertürk” televiziyasının əməkdaşı Bulent Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə qarşı təbliğat aparıldığını söyləyib. O deyib ki, Türkiyənin Suriyada apardığı əməliyyat təhlükəsizliklə bağlıdır, qəti olaraq hansısa ölkənin ərazisini işğal etmək məqsədini daşımır. Türkiyə ordusunun bütün ərazini terrorçulardan təmizləməyə gücü və qüdrəti var. Türkiyənin haqq işinin bütün dünyaya çatdırılmasında medianın köməyi də önəmlidir”. Konfrans digər çıxışlarla davam edib.

Digər xəbərlər