Xəbərlər

  • 4 394

Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib

image

Oktyabrın 15-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Onun sözlərinə görə, bu inkişaf Horadiz şəhərində də özünü ifadə edir.

Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir. “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin ən aktual cəhətlərindən biridir. Məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir”-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini söyləyib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addmlar atılır. Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasındadır. “Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirməsi həm ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub öz torpaqları işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibsə bu imkandan sona qədər yaralanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəksə, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları Prezidentimizin bu mövqeyini dəstəkləyir”-deyə, Əli Əhmədov bildirib.

Baş nazirinin müavini qeyd edib ki, bir müddətdir ki, bu tipli müşavirələr keçirilir: “Müşavirələrin başlıca məqsədi ərazi ilk partiya təşkilatlarının fəaliyyətini daha da gücləndirməkdən ibarətdir. Partiyanın 750 minə yaxın üzvü, təxminən 8 minə qədər ərazi ilk partiya təşkilatında birləşib.”

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Digər xəbərlər