Xəbərlər

  • 3 730

YAP-ın qərargahında partiyanın Siyası Şurasının iclası ilə əlaqədar mətbuat konfransı keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov noyabrın 28-də partiyanın Siyası Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycan parlamentində islahatların aparılması ilə əlaqədar məsələ müzakirə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar konsepsiyası, onun nailiyyətləri cəmiyyətdə ciddi şəkildə müzakirə olunur, insanlar bu islahatların faydasını gördüklərini etiraf edir və həmin islahatları dəstəkləyirlər. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyən vətəndaşlarımızın ilk sırasında dayanır və bu islahatların uğurla həyata keçirilməsinə öz töhfələrini verir və bundan sonra da verəcəklər.

Əli Əhmədov qeyd edib ki, cəmiyyətimizdə həyata keçirilən islahatlar bir çox sahələri əhatə edir. Bu islahatların qarşısında duran başlıca vəzifə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, onun şaxələndirilməsinə nail olunması, ölkəmizin iqtisadi gücünün və qüdrətinin artırılması, bunların zəminində sosial inkişafın daha da yüksək templə həyata keçirilməsinin təmin edilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasıdır. 2019-cu ili Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatların daha dinamik xarakter aldığı il hesab etmək olar. Bu il ərzində bir çox əhəmiyyətli islahatlar həyata keçirilib və bu islahatlar bundan sonra da davam etdiriləcək. Xüsusilə 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla hamının məmnunluğuna səbəb olan əhəmiyyətli sosial paketlər reallaşdırılıb. Struktur və kadr islahatları ayrıca qeyd olunmalıdır. Azərbaycan cəmiyyətində müəyyən dövrlər ərzində geniş müzakirə mövzusu olan bu dəyişikliklər insanların məmnunluğu, razılığı ilə qarşılanıb.

YAP sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sistemli, geniş əhatəli xarakter kəsb edir. Bu, ondan xəbər verir ki, islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə etməlidir. İslahatların sistemli xarakter almasının və qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasının çox vacib şərtlərindən biri bütün sferalarda islahatlar konsepsiyasının həyata keçirilməsidir. Azərbaycanda bu günədək hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir, istər struktur sahəsində, istərsə də kadr sahəsində. İcra hakimiyyətində, məhkəmə-hüquq sahəsində islahatlar aparılır. İslahatlar strategiyasının tam sistemli xarakter alması, inkişafın ümumi ahənginə uyğun olması üçün bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməlidir. Beləliklə, Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır. Belə olan halda, Yeni Azərbaycan Partiyasının üzvləri Siyasi Şuranın iclasında partiyanın üzvlərinin əksəriyyətinin iradəsini ifadə edərək, islahatlar konsepsiyasına öz dəstəyini nümayiş etdirərək Prezident İlham Əliyevin islahatlarının, eyni zamanda, qanunverici hakimiyyət sahəsinə də gətirilməsinin məqsədəuyğunluğu qənaətini ifadə etdilər. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdirdilər. Vurğulanan fikir ondan ibarət oldu ki, Azərbaycanın parlamentinin də yenilənməsi, müasirləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminat kimi qiymətləndirilə bilər.

Əli Əhmədov deyib ki, YAP fəaliyyət göstərdiyi dövrdə həyatımızın ayrı-ayrı sahələri ilə əlaqədar taleyüklü məsələlərlə bağlı çox ciddi qərarların qəbul olunmasında vətəndaş mövqeyini, dövlətçilik məfkurəsini aydın şəkildə ifadə edib. Bu gün də YAP və partiyanın Siyasi Şurası vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini aydın şəkildə ifadə etdi. Siyasi Şura bu zərurətdən irəli gələrək qanunverici orqanda YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə etdi. Məlumdur ki, Azərbaycan Konstitusiyasında 2017-ci ildə referendum nəticəsində edilən dəyişikliklər nəticəsində Azərbaycan Respublikası Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib. Düşünürük ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər. Bu da islahatlar konsepsiyasının daha geniş miqyasda, daha sistemli şəkildə həyata keçirilməsinə təminat verə bilər.

“YAP-ın Siyasi Şurasının qəbul etdiyi bu tövsiyə qərarından sonra partiyanı Milli Məclisdə təmsil edən deputat korpusunun üzvləri ilə görüş keçirildi. Parlamentdə YAP-ı təmsil edən deputatlarımız Siyasi Şuranın qəbul etdiyi qərara birmənalı şəkildə, yekdil olaraq hörmətini ifadə edərək və belə bir müraciətlə parlamentə məktub ünvanlamaq qərarına gəldilər. YAP-ın deputat korpusunun üzvlərinin əksəriyyəti müraciəti imzalayıb. Güman edirəm ki, yaxın zamanlarda həmin müraciət rəsmi şəkildə Azərbaycan Milli Məclisinə daxil olacaq. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi parlamentin çoxluğunun iradəsinə hörmət nümayiş etdirərək bu məsələni parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxaracaq”, - deyə Əli Əhmədov qeyd edib.

YAP-ın Azərbaycanın siyasi arenasında bir çox yeniliklərə müəlliflik etdiyini bildirən Əli Əhmədov deyib ki, bu partiyanın yaranması Azərbaycanın siyasi həyatında 27 il bundan əvvəl baş vermiş ən böyük yeniliklərdən biridir. Mövcud olduğu illər ərzində YAP həm taleyüklü qərarlar qəbul etməsi, həm də yeni, orijinal yanaşmaları ilə həmişə diqqəti cəlb edib. YAP Azərbaycanın parlamentarizm tarixinə yeniliyi də gətirən ilk təşkilat olub. Azərbaycanda parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri ənənəsi bu gün YAP-ın qəbul etdiyi qərarla, - əgər bu qərar sonrakı instansiyalarda qəbul edilərsə, - reallaşmaq imkanı qazanacaq. Hamınıza yaxşı məlumdur ki, parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi dünyanın əksər ölkələrində çox tez-tez rast gəlinən, geniş istifadə olunan təcrübədir. Azərbaycanın siyasi həyatında ilk olmasına baxmayaraq, burada qeyri-adi heç nə yoxdur. Söhbət Azərbaycanın bütün həyatını, hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının əhatə dairəsinin genişlənməsindən və bu zəmində ölkəmizin daha sürətli inkişafı üçün daha əlverişli, daha etibarlı imkanların əldə olunmasından və həmin imkanlardan faydalanmaqdan gedir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP-ın bugünkü təşəbbüsünü, Siyasi Şuranın, parlament fraksiyasının qəbul etdiyi qərarı hörmətlə qarşılayacaq və bununla da biz həm ölkəmizin daha da inkişaf etdirilməsi imkanlarını əldə etmiş olacağıq, həm də Azərbaycanın parlament və siyasi tarixində yeni bir ənənənin başlanğıcını qoyacağıq.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Digər xəbərlər