Xəbərlər

  • 4 604

Milli Məclisin növbəti plenar iclası keçirilib

image

Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 15 məsələyə baxılıb. Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edib. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olunub.

Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul ediblər.

Sonra “İcbari sığortalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli qanunların ləğv edilməsinə dair qanun layihəsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, adı çəkilən qanunların ləğvi “İcbari tibbi sığorta haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədardır. Parlament müzakirəyə çıxarılmış qanun layihəsini dəstəkləyib.

İclasda Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının məlumatı dinlənilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü oxunuşda parlamentə təqdim olunmuş Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə, həmçinin Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələri barədə məlumat verib. Plenar iclasda hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Deputatlar Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda edilən dəyişikliyi də üçüncü oxunuşda dəstəkləyiblər.

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

Sonra parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsinə baxılıb. “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında” və “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” qanun layihələrinin qəbul edilməsi məqsədəuyğun sayılıb.

İclasda “2009-cu il 2 oktyabr tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair məsələni Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Sənəd ratifikasiya olunub.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihə səsə qoyulub və qəbul edilib.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov parlamentə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda edilən dəyişiklik (üçüncü oxunuş) barədə məlumat verib. Deputatlar qanun layihəsini dəstəkləyiblər.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə və “Məşğulluq haqqında” qanunun 31-ci maddəsinə edilən dəyişiklik elektron hökumət elementlərinin hüquqi bazada təsbit olunması məqsədini daşıyır. Deputatlar bu qanun layihəsinə də üçüncü oxunuşda müsbət münasibət bildiriblər. Bununla da Milli Məclisin iclası başa çatıb.

Digər xəbərlər