Müxalifət

  • 5 538

ADP funksioneri cəbhəçiləri təhqir etdi

image

Həsrət Rüstəmov: "Küçə uşaqlarısınız!"

Dağıdıcı müxalifət düşərgəsində qarşılıqlı ittihamlar partiyalararası savaşlarla müşahidə olunmaqda davam edir. Xüsusilə, AXCP ilə Müsavat partiyaları arasındakı uzun illərlə davam edən qarşıdurma hər iki partiya üçün həlli mümkün olmayan problemlər yaradıb. Hətta radikallığa meyilli olmayan bir sıra partiyalar da var ki, onlar zaman-zaman düşərgədəki gündəmi dəyişməyə müvəffəq olurlar.
Belə partiyalardan biri də Sərdar Cəlaloğlunun sədri olduğu ADP-dir. Buna isə səbəblər yaranıb. Məsələ ondadır ki, son vaxtlar AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrə yerləşdirdiyi saxta profillər və həmin profilləri idarə edən muzdlu gənclər ADP sədrini ittiham edərək, onu təhqir obyektinə çevirir və ələ salırlar. Buna dözməyən digər S.Cəlaloğlunun müavini Həsrət Rüstəmov kərimovçulara qarşı cavab hücumuna çevirərək, onları "küçə uşağı", "nadan", və "qanmaz" adlandırıb.

"Bizim kənddə yalnız qanmaz uşaqlar onları hansısa ciddi səbəbdən şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər"

"Söyüşdən başqa əlindən bir iş gəlməyən tərbiyəsiz və deməli, həm də nadan, başıboş Facebook "qəhrəmanları"na deyirəm ki, söyüş söymək, həm də bunu şəxsiyyətini təhqir etmək istədiyiniz adamın xəbəri olmadan, eşidib görmədiyi bir yerdə etmək, nəinki qəhrəmanlıq deyil, hətta insanlıqdan uzaq bir şeydir. Bizim kənddə yalnız qanmaz uşaqlar onları hansısa ciddi səbəbdən şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər" - deyə S.Cəlaloğlu bildirib.

"Bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün"

H.Rüstəmov qeyd edib ki, S. Cəlaloğlunu çox pis şəkildə təhqir edən cəbhəçi qrup fəaliyyət göstərir. Sözügedən qrup, əsasən, KXCP sədri Mirmahmud Mirəlioğlunu, ADP sədri Sərdar Cəlaloğlunu, "Ümid" sədri İqbal Ağazadəni, Azadlıq Partiyasının sədri Əhməd Orucu və digər partiya sədrlərini hədəfə alır. ADP sədrinin birinci müavini qeyd edib ki, söyüşçülərin bir neçəsinin profilinə baxıb: "Onlar "uşaq" olsalar da, yaşları kifayət qədərdirlər. Əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar. Mənim onlara bir sözüm var: əgər siyasəti və qəzetçiliyi peşə seçmisinizsə, bir kənara boylanın, görün, dünyada bu işləri necə görürlər?! Yox, küçə uşağı kimi söyüş söyəcəksinizsə, bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur, bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün. Bir də ki, 40 yaşını keçirmiş bir insan kimi deyirəm: yaşca və vəzifəcə böyüklərin işinə qarışmayın. Bu ən yaxşı halda rəhbərinizə yaltaqlıq kimi görünür".
Beləliklə, görünən budur ki, bu yay da müxalifətdə ciddi qarşıdurmalar səngiməyəcək, əskinə, artacaq. Mövcud vəziyyət isə özlərini 2018-ci ilin prezident seçkilərinə hazırlaşdıqlarını bəyan edən düşərgə təmsilçilərinə yaxşı heç nə vəd etmir.

Rövşən RƏSULOV

Digər xəbərlər