Müxalifət

  • 6 594

Müsavat partiyası kimlərə qarşı "qara piar" kampaniyası aparır

image

ADP sədri Sərdar Cəlaloğlu yenidən İsa Qəmbəri və Arif Hacılını hədəfə aldı

Qarşıdan 2018-ci ildə keçiriləcək prezident seçkiləri gəlir və hələ ki, bu seçkilərə kifayət qədər vaxt qalmasına baxmayaraq, ənənəvi müxalifət düşərgəsindəki partiyalarda müəyyən gizli hazırlıqlara start verildiyi də müşahidə olunur. Bu baxımdan, indidən partiyalararası anti-təbliğatlar aparılır. Daha dəqiq deəsk, hansı siyasi təşkilatın media qurumu varsa, onlar həmin vasitə ilə, mətbuatı olmayanlar isə sosial şəbəkələr vasitəsi ilə "qara piar", yaxud da özünütəbliğat kampaniyaları aparırlar. Lakin ortada görünən daha qabarıq mənzərə "qara piar" üzərindədir.

"Məqsəd, narazı elektoratı, məhz Müsavat partiyasını dəstəkləməyə cəlb etməkdir"

Bu arada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözügedən məsələ ilə bağlı irəli sürdüyü fikirləri diqqət çəkir. Belə ki, ADP sədri Müsavat partiyasını hədəfə alaraq, bu siyasi müxalifət təşkilatının digər müxalifətçi siyasi partiyalara qarşı apardığı "qara piar" kampaniyası barədə sərt fikirlərlə çıxış edib. Partiya sədri bildirib ki, Müsavat partiyasının siyasi partiyalara qarşı apardığı "qara piar" kampaniyası bu partiyanın, hər zaman olduğu kimi, seçkiqabağı taktikasının tərkib hissəsidir. O, hesab edir ki, Müsavat başqanı Arif Hacılının burada özünəməxsus məqsədi var. SİTAT: "Məqsəd də mümkün qədər Müsavatı müxalifətdən kənarda saxlamaq, onu müxalifətüstü bir güc kimi təqdim eləmək, yeganə, həqiqi, saf, prinsipial, radikal müxalifət obrazı yaratmaq və bununla da, narazı elektoratı, məhz Müsavat partiyasını dəstəkləməyə cəlb etməkdir".

İsa Qəmbərin dadına "MSDM" çatır?

Yeri gəlmişkən, onu da xatırlatmaq olar ki, A.Hacılı Müsavatın başqanı olmasına rəğmən, 2018-ci ildə namizədliyi irəli sürüləcək şəxs bəribaşdan bəllidir. Bu, sabiq başqan, "Milli- Strateji Düşüncə Mərkəzi"nin sədri İsa Qəmbərdir. Onu da qeyd edək ki, partiyanın nizamnaməsində "liderlik" statusu olmadığına görə, Müsavatın bir neçə il öncə keçirilən və saxtakarlıqları ilə yadda qalan qurultayı ərəfəsində, məhz "MSDM" yaradıldı ki, İ.Qəmbər siyasi proseslərdən kənarda qalmasın və onun seçkilərdə iştirakı reallaşdırılsın. İndiki məqamda A.Hacılının bu məsələdə ortaya atılması da, məhz həmin planın tərkib hissəsi kimi anlaşıla bilər.
Başqa tərəfdən, İ.Qəmbər hələ müsavatçılara başqanlıq edərkən, də digər dşüərgə həmkarlarına qarşı bənzər oyunu oynayıb. Ona görə də, S.Cəlaloğlu hesab edir ki, bu taktikanı həyata keçirmək üçün Müsavatda müxtəlif partiyalara, müxtəlif "liderlərə" aparıcı funksionerlərə qarşı ən müxtəlif "piar" aparılır.
ADP sədri buna misal olaraq, 2013-cü ilin prezident seçkilərini xatırladıb və bildirib ki, həmin vaxtlarda da eyni situasiya yaşanıb. "İlk olaraq, bu kampaniya İqbal Ağazadədən ("Ümid" partiyasının sədri) başladı, sonra Lalə Şövkətə (Liberal Partiyasının "lideri"), daha sonra Əli Əliyevə (Vətəndaş və İnkişaf Partiyasının sədri) keçdi"-deyə qeyd etmiş ADP sədri onu da bildirmişdi ki, bunlar düşünürlər ki, başqa müxalifət partiyalarını nə qədər nüfuzdan salsalar, nə qədər həqiqi bir müxalifət qüvvəsi kimi təqdim etməsələr, bir o qədər də Müsavat daha müxalif, daha radikal, daha qüsursuz və iqtidarla bəlli bir məsafədə olan partiya kimi görünə bilər. "Bu kampaniyanın mahiyyəti bundan ibarətdir", - deyə Cəlaloğlu ittiham irəli sürmüşdü.
ADP sədri ötən seçkilərdə irəli sürdüyü ittihamlarında heç də Müsavat partiyasına qarşı hər hansı haqsızlıq etmədiyini indi də düşünür.Göründüyü kimi, ADP sədri hazırda da 4 il öncəki fikirlərində qalmaqda davam edir və bu günün özündə, onunla müsavatçılara arasında kəskin qarşıdurmalar yaşanır.

Arif Hacılı: "Bu, Sərdar Cəlaloğlunu çıxılmaz vəziyyətə aparır"

A.Hacılı S.Cəlaloğlunu anti-müsavatçılıq fəaliyyətinə görə ittiham edib: "Cəlaloğlunun açıqlamalarının əksəriyyəti Müsavat partiyasına, onun başqanına və Müsavat partiyasının siyasətinə qarşı yönəlib. O, istənilən hadisədə, istənilən prosesdə, yalnız Müsavat başqanını ittiham etmək mövqeyini tutur. Bu, təəssüf doğurur. S.Cəlaloğlunun hamını bir yerə toplamaq cəhdi baş tutmayıb. Bu məsələdə o, nahaq yerə Müsavatı günahlandırır...Cəlaloğlu da, bir sıra qüvvələr kimi, öz uğursuzluqlarının səbəblərini özündə yox, Müsavat partiyasında axtarmaq xəttini götürüb. Bu da Sərdar Cəlaloğlunu çıxılmaz vəziyyətə aparır".
Beləliklə, artıq ox öz yayında çıxıb və fakt budur ki, ənənəvi və dağıdıcı düşərgədə sular durulmayıb. Əksinə, partiyalar "qara piar" kampaniyasına start verərək, indidən öz siyasi üstünlüklərini əldə etməyə cəhdlər göstərirlər. Təkcə ADP sədrinin Müsavatı hədəfə alması belə deməyə əsas verir.

R.RƏSULOV

Digər xəbərlər