Müxalifət

  • 4 728

ADP -AXCP qalmaqalı yenidən başlayıb

image

Sərdar Cəlaloğlu: "Əli Kərimli "Azərbaycan siyasətinin primadonnası"dır"

ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP sədri Əli Kərimli arasında başlayan söz savaşı yenidən gərginləşib. Səbəb də AXCP üzvlərinin Ə.Kərimlinin göstərişinə əsasən, sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqirlər səsləndirmələri, ittihamlar irəli sürmələridir. S.Cəlaloğlu Ə.Kərimlini "Azərbaycan siyasətinin primadonnası" adlandırması partiyalar arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub. ADP sədri bildirib ki, nə qədər Ə.Kərimli AXCP sədridir, partiyadan istefalar dalğası getdikcə genişlənəcək.

Satqınlıq kompleksi Əli Kərimlinin obrazında

ADP sədri AXCP-də yaranmış bugünkü duruma da aydınlıq gətirərək bildirib ki, Ə.Kərimlinin gizli və örtülü bir siyasəti var: "Nəyə görə oradakı insanlar oranı tərk edir? Çünki AXCP-nin konkret ideologiyası və siyasi palitrada özünəməxsus bir yeri yoxdur. Məsələn, biz ADP olaraq demokratik dəyərlərə üstünlük veririk, digərləri də öz mövqelərini müəyyən dəyərlər üzərində açıqlayırlar. Ancaq AXCP-nin nəyə prioritet verdiyi, nəyə xidmət etdiyi məlum deyil".
ADP sədri S.Cəlaloğlu onu da qeyd edib ki, Ə.Kərimli üzərinə yeni bir missiya götürüb: "Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?"

"Ə.Kərimli ən çox ittihamlara məruz qalmalı olan adamdır "

ADP sədri Əli Kərimlinin bu günə kimi düzgün bir əxlaqa malik olmadığını da bildirib: "Ə.Kərimli özünü müxalifətin lideri sayır. Axı sən kimsən? Bu gün heç AXCP lideri ola bilməmisən. Elçibəyin ölümündən sonra partiya parçalandı. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir? O, 10-15 nəfər gənci internetə qoşub, özünə səs yazdırmaqla məşğuldur. Bu, balaca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Ə.Kərimlinin özünə qarşı işləyən bir "piar"dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Ə. Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. Sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı sənsən".
Göründüyü kimi, ortada olan ambisiyasını səviyyəsiz fəaliyyəti ilə sərgiləyən Ə.Kərimli bununla çox da uzağa gedə bilməyib və gedə də bilməyəcək.

R. HÜSEYNOVA

Digər xəbərlər