Müxalifət

  • 5 436

Müsavatdakı daxili çatlar partiyanın fəaliyyətini iflic edib

image

İsa Qəmbər -Arif Hacılı cütlüyündən başqa partiyada kimsə qalmayacaq

Müsavat partiyasında qurultay və başqanlıq seçkilərindən sonra baş verən istefa və parçalanmalar bu gün də sürətlə davam etməkdədir. Məsələ ondadır ki, sabiq başqan, hazırda "MSDM"-ə rəhbərlik edən İsa Qəmbərin partiyadaxili müdaxilələri hələ də ön plandadır. Bu haqda olan söz-söhbətləri müsavatçılar da etiraf edirlər. Bəziləri iddia edirlər ki, əgər İ.Qəmbər öz yerini saxta seçkilər yolu ilə Arif Hacılıya təhvil versə də, partiyanın sükanı hələ də onun əlindədir və belə bir halın yaşanmasını təşkilata ciddi zərbə kimi qiymətləndirirlər. Bəziləri isə bunun normal olduğunu deyərək, İ.Qəmbərin buna haqqı olduğunu bildirirlər. Məhz bu cür ziddiyyətlərin nəticəsində qarşıdurmalar böyüyür və tərəflər arasındakı söz savaşları isə artır.

Sabiq müsavatçı funksioner: "Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Müsavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi, praktik olaraq, mümkünsüz vəziyyətə düşüb"

Onu da qeyd edək ki, dağıdıcı müxalifət cameəsində Müsavat partiyasının qocalar təşkilatı kimi tanındığı dəfələrlə bəyan edilib. Çünki burada gənclərin, ümumiyyətlə, fəaliyyət göstərmək imkanı yoxdur. Bir neçə gənc var ki, onlar yalnız seçkilərdən-seçkilərə istifadə edilərək, sonradan lazımsız əşya kimi kənara atılır. Əlbəttə, özlərinə qarşı belə bir davranışı görən gənclər, ümumiyyətlə, müsavatçılıq ideologiyasına nifrət edir, o cümlədən, partiyanın rəhbərliyinə qarşı antipatiya hissləri qabarır. Bu, başa düşüləndir. Məsələn, elə də uzağa getməyərək, Müsavatın qurultayından sonra partiyadaxili saxtakarlıqlara dözməyərək, istefa vermiş gənclər təşkilatının sədri Əhliman Abbaslının həmin vaxtlar mətbuata verdiyi açıqlamasını xatırlaya bilərik. O, partiyadan istefası ilə bağlı açıqlama verərək, bildirmişdi ki, Müsavatda hər hansı siyasi fəaliyyətin davam etdirilməsi mümkünsüzdür: "Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində, Müsavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi, praktik olaraq, mümkünsüz vəziyyətə düşüb".

Müsavatda etirazçılara qarşı linç kampaniyası davam edir

Digər tərəfdən, İ.Qəmbər-A.Hacılı cütlüyü haqqını tələb edən hər kəsə qarşı amansızcasına davranır, hətta onları əxlaqsızcasına təhqir belə etdirirlər. Bunun üçün Müsavatda xüsusi qruplar da mövcuddur ki, sosial şəbəkələrdə etiraz səslərini ucaldanlara qarşı söyüşlər yağdırırlar. Bu baxımdan, Müsavatın gənclər təşkilatının sabiq sədri xatırlatmışdı ki, partiyadakı bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi hələ qurumun 8-ci qurultayı ərəfəsində baş vermişdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq, ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə və hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası aparıblar.
Ümumiyyətlə, müsavatdaxili qarşıdurmalar partiyadaxili çatların əmələ gəlməsi prosesinə təkan verməklə yanaşı, qurumun fəaliyyətini də iflic edir. Çünki istər daha öncə, istərsə də hazırda söylənilən fikirlər, iradlar və təhqirlər də onu göstərir ki, bu proses elə də uzun sürməyəcək. Nəinki İ.Qəmbər, hətta onun etibar etdiyi mövcud rəhbərlik də Müsavatın parçalanaraq məhv olmasının qarşısı ala bilmək imkanına sahib ola bilməyəcəklər. Nəzər alsaq ki, vaxtilə Müsavatda fəaliyyət göstərmiş Qubad İbadoğlu, Hüseyn Məlik, Tural Abbaslı, Səxavət Əlisoy və s. kimi insanlar hazırda müxtəlif müxalifətyönlü siyasi qurumlarda təmsil olunurlar, artıq bunu bir dərin parçalanma kimi də dəyərləndirmək mümkündür. Partiyadan ayrılanların digər bir hissəsi isə, artıq tamamilə siyasətdən gediblər. Yerdə qalanları da bu addımı atmaq ərəfəsindədirlər. Əgər belə davam edərsə, Müsavat rəhbərliyində İ.Qəmbər-A.Hacılı monopoliyası çərçivəsində uzağı beş-üç nəfərin qalacağını proqnozlaşdırmaq olar.

Rövşən RƏSULOV

Digər xəbərlər