Müxalifət

  • 8 283

AXCP-GAP qarşıdurmasına start verilib

image

Yaxud 15 gənc Əli Kərimlinin təsirindən çıxaraq, Rəsul Quliyevin təsiri altına necə düşdü?

Son günlər dağıdıcı müxalifət daxilində baş verən hadisələrdə müəyyən durğunluqlar yaşansa da, ara-sıra qarşılıqlı ittihamlar və didişmələr gündəmə çıxmaqda davam edir. Belə ki, bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin etibar etdiyi 15 nəfər gənc istefa verərək, Rəsul Quliyevin lideri, Ağasif Şakiroğlunun isə sədri olduğu "Gələcək Azərbaycan Partiyası"na qoşulduqlarını bəyan ediblər. Buna səbəb isə AXCP sədrinin partiya daxilində saxladığı avtoritar mühit və üzvlərinə göstərdiyi etinasızlıqdır.

İstefa verənlər sonradan Əli Kərimliyə qarşı təbliğat aparmağın vacibliyi barədə çağırışlar ediblər

İstefa verən hər bir gənc sosial şəbəkədə paylaşdıqları statuslarında AXCP-ni tərk etmələrinin səbəblərini açıq şəkildə göstərməklə yanaşı, digər cəbhəçi fəalları da onlara qoşulmağa səsləyərək, düşərgədə əsas olaraq, məhz Ə.Kərimliyə qarşı mübarzə aparmağın vacibliyi ətrafında təbliğat aparıblar.
Buna misal kimi, ilk istefa verən cəbhəçi - partiyanın Nərimanov rayon şöbəsinin fəalı Aslan Həmidlinin fikirlərini göstərmək olar. "Bu gündən etibarən AXCP -dən çıxıram"-deyə fikirlərini "facebook"da yazan A.Həmidli daha sonra qeyd edib ki, partiya ilə əlaqələrini dayandırır. "Mübarizəmi "Gələcək Azərbaycan Partiyası"nda davam etdirəcəm"-deyə yazan Həmidilinin ardınca, artıq Ə.Kərimlinin partiyasına üzv olmaq üçün əərizə ilə müraciət edən daha iki gənc - Məhəbbət Məmmədzadə və Arzuman Nəbiyev də dərhal öz müraciətlərini geri götürərək, R.Quliyevin lideri olduğu "GAP"-a üzvlük üçün müraciət ediblər. Maraqlısı da budur ki, onların müraciətlərinə dərhal baxılıb və hər ikisi "GAP" sıralarına qəbul olunublar. Onu da qeyd edək ki, AXCP-nin Bunəqədi şöbəsinin üzvü Adəm İbrahim də eyni addımı ataraq, "GAP"-a qoşulduğunu bildirib.

Daha bir səbəb Elçibəyin adı ilə bağlıdır

Maraqlı məqamlardan daha biri, bilavasitə Ə.Kərimlinin AXCP-nin yaradıcısı mərhum Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Çünki kimsəyə sirr deyil ki, məhz Ə.Kərimli başda olmaqla, bu gün onun ətrafında olan müavinləri, eləcə də, digər funksionerlər özlərini "kərimovçu" kimi deyil, "elçibəyçi" kimi təqdim edirlər. Bu amil isə Elçibəyə hələ sağlığı dönəmlərində antipatiya hissləri göstərən, ona qarşı ən alçaq münasibətlərdə bulunan Ə.Kərimlinin xoşuna getməyib. Ona görə də, partiyadaxili avtoritar üsul-idarəçilik, o cümlədən, Kərimlinin şəxsi mövqeyinə əks olaraq, istefa verən gənclərin sosial şəbəkədəki stefa statuslarının altındakı şərhlərdən aydın olur ki, onlar AXCP-ni tərk etmələrinə səbəb kimi ən çox partiyada "elçibəyçi" gənclərin sıxışdırılmasını vurğulayırlar.
Yeri gəlmişkən, "GAP" sədri A.Şakiroğlunun sədri olduğu partiyanın birdən-birə bu qədər "siyasi populyarlıq" tapması da maraq doğuran məsələ kimi qabardılmaqdadır. Çünki "GAP"-ın maliyyə mənbəsinin məhz R.Quliyev olması kimsəyə sirr deyil. O da sirr deyil ki, AXCP-dən istefa verən gənclər "GAP"-da Elçibəy ideologiyasının davam etdirilməməsini gözəl bilrlər. Sadəcə, getmələri, yəni Ə.Kərimlidən canlarını qurtarmaları üçün bir bəhanə lazım idi və bu məsələdə maliyyə faktoru da özünü göstərib. Necə deyərlər, R.Quliyev pul kisəsinin ağzını açıb. Əbəs yerə deyil ki, "GAP" sədri mətbuata açıqlamasında son zamanlar cəbhəçi gənclərin rəhbərlik etdiyi quruma üzv üçün müraciətlərinin sayının çoxaldığını qeyd edərək, digər müxalifət partiyalarından da bu tipli istefaların davamlı olacağını əminliklə vurğulayıb. Nəticədə, biz yaxın zamanlarda düşərgədə ciddi qarşıdurmanın şahidi olmaq ərəfəsindəyik desək, heç də yanılmarıq. Xüsusilə, AXCP-GAP qarşıdurması birincinin sədri Ə.Kərimliyə 2018-ci il prezident seçkiləri ərəfəsində ciddi, hətta qurşaqaltı zərbə, daha dəqiqi isə, R.Quliyevin Ə.Kərimliyə qarşı revanşı kimi də qiymətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər