Müxalifət

  • 21 664

Xədicə İsmayılın gündəmdə qalmaq planları

image

AXCP-nin ardınca "REAL"-ın bostanına daş atan "araşdırmaçı jurnalist" özünü çətin vəziyyətə salıb

Özünü gah "araşdırmaçı jurnalist", gah da "hüquq müdafiəçisi" kimi siyasi müxalifətin "aparıcı fiquru" qismində zorla ictimai rəyə sırımağa çalışan Xədicə İsmayılın son vaxtlar fəaliyyətində yaranmış durğunluq, elə özü tərəfindən də ortaya atıldıqdan sonra, onun yeni ampluada çıxışlar etməsi diqqətləri yenidən ona tərəf yönəldib. Hələ bir müddət öncə "siyasi məhbus" siyahısı üstündə "Milli Şura" və Əli Kərimlinin sədri olduğu AXCP funksionerləri ilə didişən X.İsmayılın hədəfinə bu dəfə sədri İlrqar Məmmədovun olduğu "REAL" hərəkatı tuş gəlib. Baxmayaraq ki, İ.Məmmədov həbsdədir və onun fəaliyyətini adıçəkilən hərəkatın idarə heyətinin üzvü E.Qədirli əvəzləyir, X.İsmayıl hədəfə aldığı siyasi qurumun "bostanına" hansı "daşın" atılacağını qabaqcadan müəyyənləşdirib.

Xədicə İsmayıl İlqar Məmmədovun azadlığa çıxması üçün yetərli qədər səy göstərmədiklərini iddia edir, hətta sosial şəbəkədə qarşı tərəfi "qorxaq", "tülkü" və "dovşan" adlandıraraq, qıcıqlandırmağa səbəb olur

X.İsmayıl, məhz İ.Məmmədov katrından öz siyasi dividendinin artması üçün istifadə edərək, "REAL" rəhbərliyini "topa" tutub. Yeri gəlmişkən, onu da qeyd edək ki, X.İsmayılın əvvəl vaxtlardan "REAL" hərəkatı ilə baxışları üst-üstə düşməyib və zaman-zaman onunla hərəkat üzvləri arasında kəskin qarşıdurmalar yaşanıb. Amma bu dəfə onun planı, deyəsən, öz işinə yarayıb. O, hazırda hərəkatın fəaliyyət istiqamətini quran E.Qədirlini və digər üzvlərin İ.Məmmədovun azadlığa çıxması üçün yetərli qədər səy göstərmədiklərini iddia edir.
Yeri gəlmişkən, E.Qədirlinin ötən ayın sonlarında səsləndirdiyi fikir də X.İsmayıl üçün silaha çevrilib. Məsələ ondadır ki, "REAL" hərəkatının fəaliyyətini nəzərdə tutaraq, tələsən yerlərinin olmadığı deyən E.Qədirli, onu da qeyd etmişdi ki, funksioneri olduğu hərəkat kiçik addımlarla gedir və onların tələsən yerləri yoxdur. Lakin Qədirliyə görə, "bütün böyük işlər kiçik addımlarla görülür"...

Xədicə İsmayıl İlqar Məmmədovu özünün "siyasi məhbus" siyahısına salaraq, bu yolla xarici təşkilatlardan qrant almaq istəyir

Bu amili silah kimi istifadə edən X.İsmayıl dərhal sözügedən fikirlərə qarşı sosial şəbəkə vasitəsilə münasibət bildirib və "REAL"-çıları təhqir edib. Ancaq bu dəfə ortaya digər amil çıxıb. Daha dəqiqi, E.Qədirli X.İsmayılı "başı girmədiyi kola burnunu soxmaqda" günahlandıraraq, onun davasının İ.Məmmədovun azadlığa buraxılması deyil, şəxsi dividend maraqları, eyni zamanda, qrant uğrunda mübarizə savaşı aparmasının olduğunu deyib. Yəni belə çıxır ki, X.İsmayıl İ.Məmmədovu özünün "siyasi məhbus" siyahısına salaraq, bu yolla xarici təşkilatlardan qrant almaq istəyir. Buna qədər, "REAL"-ın zərərsizləşdirilməsi üçün müəyyən qabaqlayıcı tədbirlərə başlayıb ki, bu da ciddi qarşıdurmalarla müşahidə olunur.

AXCP və Müsavata qarşı oynanılmış oyun indi də "REAL"-a qarşı istifadə edilir

Bu arada, onu da xatırlatmaq olardı ki, hələ bir neçə ay öncə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindəki görüşlərin birinə qatılan X.İsmayıl avropalılara demişdi ki, AXCP və Müsavat rəhbərliyinin hazırladıqları siyahılara inanmasınlar, yalnız onun özü tərəfindən hazırlanan "siyasi məhbus" siyahısı daha səlistdir. Başqa tərəfdən, "araşdırmaçı jurnalist" Ə.Kərimlinin, A.Hacılının guya hakimiyyətə işlədiklərini də deyərək, onların səmimi olmadıqlarını da iddia etmişdi. Nəticədə, o, hər iki tərəfin üzərində qələbə qazanaraq, xarici donorları bu məsələdə razı salmağa müyəssər olmuşdu. Ancaq sonrakı dövrdə, AXCP və Müsavat rəhbərliyi yenidən öz siyahılarını bərpa etməyə nail olmuşdular. Beləliklə, "REAL" hərəkatı öz tərəfindən "siyasi məhbus" siyahısı hazırladığına görə, X.İsmayıl ikibaşlı oyuna girərək, həm "dividend" həm gündəmdə qalmağa, həm də avropalı maliyyə donorlarına özünü fəal göstərməyə cəhdlər edir. Çünki bu ərəfələrdə "REAL"-ın idarə heyətinin sədri E.Qədirli, artıq bir neçə dəfə ABŞ-ın Azərbaycandakı səfirliyinin həndəvərlərində görünüb. Əlbəttə, X.İsmayıl bunu bildiyi üçün əməli fəaliyyətə keçərək, AXCP və Müsavatın ardınca, indi də qarşısına çıxan "REAL"-ı oyundan təcrid etməyi planlaşdırır. Ancaq "REAL"-ın da boş dayanacağını düşünmək olmaz. Ən azından, oradakıların X.İsmayılla müqayisədə daha intellektli olduqlarını düşünmək mümkündür. Bu baxımdan, ehtimal etmək olar ki, gah "araşdırmaçı jurnalistə", gah da "hüquq müdafiəçisi"nə çevrilən X.İsmayıl özü tərəfinədən başlatdığı bu oyunda da uduzacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər