Müxalifət

  • 14 449

Müxalifət fəaliyyətsiz durumdadır

image

Mais Səfərli: "15 ilə yaxındır ki, Qərb dövlətlərindən və ABŞ-dan Azərbaycana gələn nümayəndə heyətləri müxalifət liderləri ilə görüşmürlər"

Son günlər siyasi arenada diqqətcəkən maraqlı məqamlardan biri də, Müsavat başqanı Arif Hacılının yuyulmamış cömcə kimi özünü ortaya atıb, müxtəlif bəyanatlar səsləndirməsi, populist çağrışlarla cıxış etməsidir. Bu amil, onu göstərir ki, A.Hacılı Gürcüstanda təşkil olunmuş müəyyən qrupların toplantısından xüsusi tapşırıqlarla gəlib. A.Hacılı məsuliyyətsiz acıqlamalarının birində deyir ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Türkiyə ordusunun Dağlıq Qarabağa yeridilməsi barədə əmr verməlidir. Amma özünü siyasətçi hesab edən bu zat hələ də dərk etmir ki, Türkiyənin, bizə nə qədər yaxın olsa da, əvəzimizə işğal altında olan ərazilərimizdə döyüşməsi nə mənəvi, nə də beynəlxalq hüquq prinsipləri baxımından mümkün deyil. Bu missiyanı yalnız və yalnız Azərbaycan Ordusu həyata keçirməlidir ki, bunu da yaxın vaxtlarda yerinə yetirəcək. "Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, özünə hörmət edən və cəmiyyətdə böyük gücə, sosial bazaya malik siyasi təşkilatların fəaliyyəti yalnız bəyanat verməklə və digər hadisəyə münasibət bildirməkdən ibarət deyil: "Siyasi partiyalar hər an fəaliyyətdə olmalıdırlar. Yəni partiyadaxili və təşkilati məsələlərlə məşğul olmalıdırlar. Amma Azərbaycanın dağıdıcı müxalifət partiyalarının əsas vəzifəsi nədir? İqtidarın gördüyü işlərə kölgə salmaq, qara ləkə salmaq və reallığı özündə əks etdirməyən məsələlərlə bağlı bəyanatlar vermək. Bu, sadəcə olaraq, belə bir fikir bildirməyə əsas verir ki, deməli, müxalifət partiyalarının məşğul ola biləcəyi başqa bir fəaliyyət sferası yoxdur".
M.Səfərlinin sözlərinə görə, müxalif partiya sədrləri nə partiyadaxili işlərlə məşğul ola bilirlər, nə də təşkilatlarında yenidənqurma işləri apara bilirlər: "Ona görə də, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər. Siyasi partiyanın fəaliyyəti yalnız iqtidarın fəaliyyətinə qara yaxmaqdan ibarət olmamalıdır. Partiya quruculuğu işləri aparılmalı və öz partiyalarında demokratizmi təmin etməlidirlər. Lakin müxalifət vacib prinsiplərdən uzaqdır. Onlar, sadəcə olaraq, suyun üzərində qalmaq üçün saman çöpündən yapışan insan təəssüratı yaradırlar".
"Fakt budur ki, müxalifət fəaliyyətsiz durumdadır. Xarici qüvvələrin maddi və mənəvi yardımı da bir nəticə vermir. Bu halda, onların fəaliyyət göstərməyinə nə dərəcədə lüzum ola bilər" sualını cavablandıran partiya sədri bildirdi ki, artıq 15 ilə yaxındır ki, Qərb dövlətlərindən və ABŞ-dan Azərbaycana gələn nümayəndə heyətləri müxalifət liderləri ilə görüşmürlər: "Görün, bu radikal müxalifət düşərgəsində təmsil olunan partiyalar nə dərəcədə fəaliyyətsiz və miskin bir vəziyyətdədirlər ki, onlarla heç kəs görüşmək istəmir. Artıq həmin ölkələr üçün müxalifətin fikirləri önəmsizdir. Onların bu günə düşmələrinin səbəbini müxalifətin öz içində axtarmaq lazımdır".
"Əli Kərimlini, Arif Hacılını və digərlərini yeni nəfəs, yeni şəxs əvəz etsə, müxalifət düşərgəsində nə isə bir canlanma yarana bilərmi" sualını cavablandıran M.Səfərli bildirdi ki, köklü islahatlar olmasa, müxalifət düşərgəsində təmsil olunan partiyalar formalaşmayacaq: "Bir baxın, Müsavat partiyasında başqan dəyişikliyi oldu. Bu dəyişiklik həmin partiyaya nə verdi? İndi isə Arif Hacılı səhnədən getsə və onun yerinə başqa birisi gəlsə, yenə də dəyişiklik bu partiyaya heç nə verməyəcək. Əgər müxalifət partiyalarında islahatlar aparılmırsa, orda heç bir irəliləyişdən söhbət gedə bilməz".

Digər xəbərlər