Müxalifət

  • 13 467

Leyla və Arif Yunusların maliyyə maxinasiyalarını isbatlayan yeni faktlar bəlli olub

image

Heç kəsə sirr deyil ki, uzun müddət "hüquq müdafiəçisi" maskası altında gizlənən "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus həyat yoldaşı Arif Yunusla birlikdə xarici dairələrdən aldıqları külli miqdarda qrantlar müqabilində ölkəmizin milli və dövlətçilik maraqlarına zərbələr vurmaqla məşğul olublar. Elə buna görə də, erməni lobbisinin təsiri altında olan bəzi xarici "hüquq- müdafiə" təşkilatları və anti-Azərbaycan qüvvələr L.Yunusun "insan haqlarının yorulmaz müdafiəçisi" obrazını yaradaraq, ona dəstək veriblər.

O da aydındır ki, L.Yunus heç zaman insan haqlarının müdafiəsi ilə məşğul olmayıb. O, hər zaman anti-Azərbaycan dairələrinin və Ermənistanın maraqlarını müdafiə edib və bunun müqabilində həmin qüvvələrdən qrant adı altında külli miqdarda maliyyə vəsaiti alıb. İndiyə kimi kimsə xatırlamır ki, L.Yunus kiminsə hüququnu müdafiə etsin. Erməni lobbisinin əlaltısı olan L.Yunus iştirak etdiyi beynəlxalq tədbirlərdə Ermənistanın işğalı nəticəsində, öz dədə-baba yurdlarından qaçqın düşən soydaşlarımızın hüquqlarından bir kəlmə belə bəhs etməyib.
Bu çirkin xislətli qadın 20 ildən çox bir müddətdə ermənilərlə işbirliyinə girərək, sözün həqiqi mənasında, ölkəmizə qarşı vuruşub. L.Yunus Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə müştərək layihə həyata keçirərək, ermənilərlə birgə yaratdığı "İctimai dialoqlar" adlı saytda Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Bu üzdəniraq saytda qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus erməni lobbisinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edərək, Azərbaycanın milli maraqlarının əleyhinə təbliğat aparıb.
L.Yunus və A.Yunus birlikdə "hüquq müdafiəçisi" kimi fəaliyyət göstərdikləri müddətdə dələduzluq, qanunsuz sahibkarlıqla məşğul olmuş və vergidən də yayınıblar. Onlar 896 min manat məbləğində qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər. Qrantları banklarda nağdlaşdırarkən, heç bir maliyyə uçotu aparmayıblar. Vergilər və maliyyə nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə keçirdikləri yoxlamalar nəticəsində, məlum olub ki, Leyla və Arif Yunuslar maliyyə uçotu qaydalarını kobud şəkildə pozublar. Bankdan nağdlaşdırdıqları vəsaiti heç bir mədaxil qəbzinə qeyd etməyiblər.
Unikal maxinasiyalar ustası olan bu "məşhur" cütlük həmin qrant vəsaitlərini banklarda şəxsi depozit hesablarına qoyaraq, faizlər hesabına şişirtdikdən sonra, qeyri-qanuni yollarla xaricdə-Çexiya, Almaniya və Türkiyədə olan bank hesablarına köçürüblər. Bütün bunlar təsdiq edir ki, onlar qrant vəsaitlərinin istiqamətini qeyri-qanuni yolla dəyişərək, xaricdə özlərinə mülk almağa yönəldiblər. Yunuslar qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməklə, külli miqdarda vergidən yayınıblar. O cümlədən, L.Yunus işçilərə əməkhaqqı verərkən, onlar üzrə heç bir vergi və sosial müdafiə xərcləri ödəməyib. Həmçinin, bank köçürmələrini qeyri-qanuni yolla aparıblar. L.Yunus qrant vəsaitlərini əvvəlcə öz adına olan hesaba, daha sonra isə Arif Yunusun xaricdəki bank hesabına köçürüb. Eyni zamanda, Arif Yunusun adına köçürülən pul daha sonra yenidən L.Yunusun xaricdə olan bank hesablarına köçürülüb. O, həmçinin, vəzifə səlahiyyətlərindən də sui-istifadə edib.
Onların xaricdə olan maliyyə ehtiyatlarını isbatlayan daha bir fakt da ortaya çıxıb. Belə ki, Azərbaycanı tərk etmiş və yayılan məlumatlara əsasən, onlarla bank kartına malik olan, "hüquq müdafiəçisi" adlandırılan ailə cütlüyü - Leyla və Arif Yunuslar Avropada özlərinə çox yaxşı güzəran qurublar. Onlar artıq Amsterdamda, Antalyada və Praqada istirahət etməyə vaxt tapıblar. Hətta Praqada Bechlinska 705/4, Praga 9 ünvanında iki mənzil almağı da bacarıblar.
Göründüyü kimi, daim Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli mövqe tutmuş Leyla Yunus və Arif Yunus əsl cinayətkar və xəyanətkardırlar. Onlar, heç bir halda, erməni lobbisinə işləməkdən çəkinməyəcək və daim anti-Azərbaycan mövqeyində duracaqlar.

"Səs" Analitik Qrupu

Digər xəbərlər