Müxalifət

  • 26 377

Müxalifət formalaşa bilmir və parçalanmaqda davam edir

image

Hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması çox vacibdir. Bunu inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Əslində, rəqabətin fonunda hər bir düşərgə tərəqqi, ölkənin potensialının artırılması, bir sözlə, inkişafı üçün öz proqramı və fəaliyyəti ilə ön planda olmağa çalışır. Təbii ki, bu məsələdə seçim xalqa məxsusdur və layiqlilərin qələbəsi labüddür.

Azərbaycan müxalifətinin ən böyük problemi, ölkədaxili məsələlərin həlli ilə bağlı alternativ proqramlarının olmamasıdır. Müxalif qurumların taktiki sahədə yanlış addımları onun uzunmüddətli mübarizə üçün düşünülmüş strateji layihələrinin olmamasından xəbər verir. Maliyyə sistemi, istehsal sahələri, təhsil, mədəniyyət, səhiyyə, hərbi sənaye, sosial sfera və sair istiqamətlərdə heç bir plan və proqramları, heç bir fikirləri, hətta təsəvvürləri belə yoxdur. Müxalifət öz mübarizəsində illərdən bəri sınaqdan keçmiş, sözün əsl mənasında, mitinq taktikasından başqa heç bir taktikadan istifadə edə bilmir.

Kadr potensialı olmayan müxalifət möcüzələrə inanan və sığınan körpə uşaq misalındadır

Mübarizəyə sivil qaydada qatılmaq və ictimaiyyətin, dövlətin maraqlarından çıxış etmək üçün müxalifətin ciddi kadr potensialı yoxdur. Ona görə də, fəaliyyəti xaotik, dağınıq şəkildədir və illərlə bundan öncəki küçə, meydan toplantılarından başqa, heç bir istiqamətdə fəaliyyət gözə dəymir. Idarə edilməyən kütlənin, daha döğrusu, küçə və prospektlərdə olan 5-10 nəfərin xaotik hərəkətinə ümid edən müxalifət, möcüzələrə inanan, nağıl qəhrəmanlarına sığınan körpə uşaq misalındadır.

Kadr potensialının olmaması, maliyyə resurslarının məhdudluğu isə hakimiyyət uğrunda mübarizədə xalqa deyil və Azərbaycanda marağı olan beynəlxalq güclərə xidmət etməkdən başqa müxalifət üçün yol qoymur. Çünki belə bir müxalifətə xalq tərəfindən ciddi dəstək gözləmək ağlasığan deyil. Belə bir ictimai dəstəyin olmadığı üçün, onlar ölkəmizin uğurlarını gözü götürməyən qüvvələrə sığınmaqla, həm xüsusi ideya və sifarişlər, həm də qrant kimi maliyyə vəsaitləri alırlar. Buna görə də, əsas ümidi Azərbaycanda geosiyasi maraqları olan xarici qüvvələrə bağlı olan müxalifət, bir qayda olaraq, ona dəstək verəcək əhalinin deyil, xarici məkrli qüvvələrin maraqlarından çıxış edir. Hətta onlara, mütəmadi olaraq dezinformasiyalar, həqiqətə uyğun olmayan xəbərlər, şər və böhtan xarakterli məlumatlar ötürməklə öz xəyanətkar simalarını ortaya qoyur, əvəzində siyasi dividend qazanacağına və maliyyə resursları əldə edəcəyinə bel bağlayır. Bir sözlə, vətənini, xalqını, dövlətini, milli maraqlarını və bütün mənəvi dəyərləri sataraq, yalnız öz mənafeyini düşünür, gülünc də olsa, hakimiyyətə iddialı olduğunu bəyan edir. Bu cür müxalifətin gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində, xalqın dəstəyindən tamamilə məhrum olacağı və məğlubiyyətə uğrayacağı şübhə doğurmur.

Parçalanmış müxalifət monolit komanda halında olan hakimiyyətlə müqayisə belə edilə bilməz

Müxalifətin daha ciddi problemlərindən biri də, uzun müddətdir müxalif mövqeyində durub, bir-birinin ünvanına ittihamlar yağdırmaq, bununla da, hər biri özünü daha layiqli lider, daha üstün fiqur kimi sırımağa çalışması və birincilik fobiyasıdır. Müxalifət bütün səylərinə baxmayaraq parçalanmış, dağılmış, xaotik bir vəziyyətdədir və monolit komanda halında olan hakimiyyətlə müqayisə belə edilə bilməz. Müxalifətin birləşə və formalaşa bilməməsi, istinad etdiyi ideoloji-siyasi dəyərlərlə bağlı deyil, hansının sağçı, solçu, başçı, ana və dədə müxalifət bölgüsü aparması ilə əlaqədardır. Daha dəqiq desək, bir müxalifət qurumunda liderliyi qazana bilməyən ünsürlərin hər biri təmsil olunduğu qurumu, partiyanı tərk edərək, yeni bir "cırtdan" partiya, qurum yaradaraq, özünü lider elan edir və fəaliyyətini birinciliyi qazanmağa, "ana müxalifət" adı uğrunda mübarizəyə həsr edir.

Partiyalar arasında mübarizə təbiidir. Ancaq ön planda ölkənin marağı durmalıdır. Necə ki, Azərbaycandan başqa, bütün ölkələrdə, bu, belədir. Müxalifət, mütləq mənada, uğur qazanacağının mümkünlüyünə inanmır və yalnız xaricdən maliyyə yardımı almaq kimi nə isə əldə etmək niyyətindədir. Hədəf Azərbaycanın gələcəyi, inkişafı deyil, daha artıq imtiyaz əldə etmək istəyi olduğu üçün, müxalifət düşərgəsində ayrı-ayrı partiyalar bir-birini yox etməyə hazır olduqlarını belə gizlətmirlər. Məsələn, Müsavatın qurultayından sonra A.Hacılı başqan secilsə də, AXCP sədrinin Qubad İbadoğluna üstünlük verməsi, onu deməyə əsas verir ki, Ə.Kərimli Hacılını heç başqan kimi də qəbul etmir. Yeni başqanının birgə aksiyalar keçirmək təklifini də rədd edən Ə.Kərimli, AXCP və "Milli Şura" kimi qurumlarla Müsavatın əməkdaşlığına və birgə fəaliyyətinə belə razı deyil. Digər tərəfdən, Müsavat nümayəndələrinin, hətta başqan müavini Tofiq Yaqublunun "Milli Şura", AXCP və şəxsən Ə.Kərimli ilə iş birliyi sözügedən qurumda qıcıq yaradır, hətta qurumdan xaric olunması məsələsi də müzakirə mövzusuna çevrilir. Qarşılıqlı ittihamlar, bir-birini qəbul etməmək kimi prinsiplər, ambisiyalar nəticə etibarilə müxalifətin fəaliyyətini siyasi arenadan tamam başqa bir müstəviyə, hərc-mərciliyə və didişmələrə sürükləyir.

Göründüyü kimi, yenə də eyni metodlar, eyni istiqamətdə fəaliyyət davam edir və belə olduğu halda, ya biri digərini kənarlaşdırmaq marağındadır, ya da digəri maraq, imtiyaz güdmədiyi təqdirdə qoşulmaq, birləşmək marağında deyil. Beləliklə, müxalifət düşərgəsində təmsil olunan ayrı-ayri partiyalar, onların liderləri, həmişə olduğu kimi, yenə də demokratiya, azadlıq və sair ali prinsplər pərdəsi altında şəxsi maraqlarını güdürlər. Belə olan halda, onların birləşmələrinə, formalaşmalarına, hətta özləri də inanmırlar.

İnam Hacıyev

Digər xəbərlər