Müxalifət

  • 5 217

Müsavatda daxili çəkişmələr davam edir

image

TƏRS BAXIŞ

Keçirilən hər bir toplantıda dava-dalaş baş verir

Müsavat partiyasında davam edən funksionerlərarası qarşıdurmalar partiyadaxili çəkişmələrin sayını artırmaqdadır. Demək olar ki, keçirilən hər bir toplantı dava-dalaşla və təhqirlərlə yekunlaşır. O cümlədən, ötən ilin sonlarından baş qaldırmış istefalar vəziyyətin daha da gərginləşməsinə səbəb olmaqdadır. Son vaxtlar başqan Arif Hacılının partiyada avtoritar idarəçiliyini artırması, kimə gəldi töhmət verməsi və təşkilatın sıralarından çıxarılacağı ilə hədələməsi də bu xüsusdadır.
Artıq sözügedən prosesə daha öncə qurumdan çıxarılan, eləcə də, öz xoşları ilə gedən eks-müsavatçılar da qoşulublar. Onlar son proseslərə qarşı eyni nöqtəyə vurmaqla başqan A.Hacılını və onun ətrafını hədəfə alırlar.

Narazı müsavatçıdan Arif Hacılıya xitabən: "Sizin vicdanınız varmı? Təbii ki, yoxdur!"

Bu arada daha çox etiraz səsi qaldıran narazı müsavatçılardan biri də partiyanın Cəlilabad rayon təşkilatının üzvü Ramil Sadıqlıdır. O, artıq özü kimi digər müsavatçıları da Hacılının oyunbazlıqlarına qarşı amansız mübarizəyə səsləyir. R.Sadıqlı A.Hacılının iradəsi ilə tətbiq olunan cəza tədbirlərinə qarşı çıxmaq, bu haqda cəmiyyətə informasiya ötürmək və Müsavatda narazı təbəqəni təşkilatlandırmaq fikrində olduğunu da gizlətmir. Çünki Müsavat başqanı və onun tərəfdarları narazılara qarşı ən iyrənc metodlardan da çiyrənmədən istifadə edirlər. Misal üçün, R.Sadıqlı da, bu barədə deyib ki, tətbiq edilən cəza tədbirindən sonra qarşı tərəf onu az qala cinayətkar, şantajçı və böhtançı qismində cəmiyyətə təqdim etməyə cəhdlər edir. Narazı müsavatçı A.Hacılıya xitabən soruşur: "Mənim partiyadan xaric olunmağımın səbəbini niyə təhrif edib yanlış istiqamətə yönəldir və bununla da, guya dostlarımızı aldadırsınız? Axı sizin buna nə ixtiyarınız çatır? Hansı haqla, Müsavatda bu illər ərzində, göstərdiyim xidmətlərin üzərindən xətt çəkir və məni reket-jurnalist kimi cəmiyyətə "təqdim" edirsiniz? Sizin vicdanınız varmı? Təbii ki, yoxdur! Əgər vicdanınız olsaydı, adi siyasi etik normalara riayət edərək, məni şantaj etməkdən çəkinərdiniz".

Daha bir ittiham: "Əsl şantajçı sizsiniz! İmkanınız olsa, məni güllələyərdiniz..."

Narazı müsavatçı istər yaxın çevrəsində, istərsə də sosial şəbəkədə Hacılıya qarşı irəli sürdüyü ittihamlardan sonra təqiblərə məruz qaldığını da deyərək, Müsavat rəhbərliyinin imkanı olsaydı, tərəddüd etmədən onun ölümünə də fərman verərdi. Sitat: "Hamı bilir ki, mən Azərbaycan Demokratiya və Rifah Hərəkatının Cəlilabad rayon təşkilatını təsis etdikdən sonra, burada ADR-çilərə qarşı "səlib yürüşü" başladı. Çünki biz bu addımımızla A.Hacılının qəzəbinə tuş gəldik. Onun qəzəbinə tuş gələnlərin sonuncusu şəxsən mən oldum. Bir neçə gün əvvəl, sosial şəbəkədə yazdığım statusum sizi açmadı. Başqa sözlə, tənqidə dözümünüz olmadı. Siz son bir ildə bircə Qubad İbadoğlunu həzm edə bilmədiniz. Məni isə imkanınız olsaydı, güllələyərdiniz. Amma məni yaxşıca xərclədiniz və sonradan partiyadan ədalətsiz formada qovdunuz."
Məsələ yalnız bununla bitmir. A.Hacılının daha bir başağrısı isə hazırda başqan müavinliyindən istefa vermiş sıravi partiya üzvü olan Elman Fəttahdır. Məsələ ondadır ki, E.Fəttah səsli-küylü bəyanat verdikdən sonra A.Hacılı çox ciddi narahatlıq keçirməyə başlayıb. Ona görə də, dərhal mərkəzi nəzarət-təftiş komissiyasına təlimatlarını verib. Məhz onun tapşırığından sonra E.Fəttahın yanında yer alan bütün müsavatçılar təşkilat sıralarından çıxarılacaqları xəbərdarlığı edilib. Müsavat başqanını ciddi şəkildə qorxuya salan daha biri isə Tofiq Yaqubludur. Onun Müsavatın başqan müavini olmasına rəğmən, AXCP-yə və "Milli Şura"ya yaxınlıq etməsi vəziyyətin gərginləşməsinə səbəb olmaqdadır. Bu baxımdan, "Başqa partiyada təmsil olunan adamlar, rəhbərliyin qərarına qarşı çıxanlar Müsavat partiyasından çıxarılacaq. Müsavat partiyasının üzvü digər partiyada təmsil oluna bilməz"-deyə A.Hacılı hədə-qorxu gəlməyə başlayıb.
Beləliklə, Müsavatda baş verən çəkişmələr bundan sonra, nəinki səngiməsi gözlənilmir, o cümlədən, partiyadaxili qarşıdurmaların daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Əlbəttə ki, bütün bunların təməlində doğru olmayan idarəçilik sistemi ilə yanaşı, həm də şəxsi maraqlar amili dayanır. Qısası, sabiq başqan İ.Qəmbər Müsavatın sükanını özündən heç də fərqlənməyən birinə həvalə edib ki, bu da uzun illərdir partiyadaxili intriqaların davam etməsinə zəmin yaradırdı. Hazırda ortada olan faktlar da, belə qənaətə gəlməyə əsas yaradır. Nəticədə, Müsavatın bir siyasi təşkilat olaraq, ayaqda qalma mümkünlüyü günlər keçdikcə azalır. Xüsusilə, 2018-ci il seçkilərinə bir neçə ay qalmış bu cür hadisələrin baş verməsi partiyanın fiaskosunu rəsmiləşdirir.

Rövşən RƏSULOV

Digər xəbərlər