Müxalifət

  • 8 016

Əli Kərimlinin yeni hədəfi Sərdar Cəlaloğludur?

image

Qarşıdan gələn prezident seçkiləri sözdə müxalifətçiləri bir-birlərinə qarşı aqressivləşdirib

Müxalifətin dağıdıcı qanadında təmsil olunan partiyalar arasında gərginlik tam sürəti ilə davam edir. Belə ki, get-gedə daha da kəskinləşən vəziyyət əzəli düşmən olan Müsavat və AXCP üçün onsuz da həlli mümkün olmayan problemləri daha da çıxılmaz hala salır. Özünü çıxılmaz hala salmaqda isə Əli Kərimli qatı rəqibi Arif Hacılını üstələyə bilib. Misal üçün, artıq Müsavatın bostanına daş atmaqdan yorulan AXCP sədri bu dəfə özünə yeni hədəf seçib. Bu dəfə isə, nədənsə hədəf Sərdar Cəlaloğlunun sədri olduğu ADP-dir...

AXCP sədrinə "Hollivudun uğursuz artisti mükafatı"nı kim verdi?

Son vaxtlar AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə açdırdığı saxta profillər və həmin profilləri idarə edən muzdlu gənclər ADP sədrini ittiham edərək, onu tənqid və təhqir obyektinə çevirərək, məsxərəyə qoymaqdadırlar. Daha doğruru, Ə.Kərimlinin, hətta hər hansı bir ailədə baş verən məişət olaylarına da siyasi don geyindirmək cəhdləri artıq onun nə qədər cılız bir siyasətbaz olduğunu tam çılpaqlığı ilə sübuta yetirməkdədir. Məhz bu amili önə çəkən ADP-çilər, bütün mənalarda, AXCP sədrini "düşük", "səviyyəsiz", habelə, "Hollivudun uğursuz artisti" adlandırırlar.

Həsrət Rüstəmov "cəbhəçiləri" "ağ yuyub-qara sərdi" və "küçə uşağı" adlandırdı

Təbii ki, Ə.Kərimli dərhal saxta profilləri vasitəsi ilə yaratdığı söyüş qrupunu, bilavasitə S.Cəlaloğlunun üzərinə tərəf qısqırdıb. Nəticədə, Ə.Kərimlinin "söyüş, qrupu" tərəfindən yazılanlara dözə bilməyən S.Cəlaloğlunun müavini Həsrət Rüstəmov "cəbhəçi"lərə yazdığı cavabda onları "küçə uşağı", "nadan", və "qanmaz" adlandırıb: "Söyüşdən başqa əlindən bir iş gəlməyən tərbiyəsiz, nadan, başıboş Facebook "qəhrəmanları"na deyirəm ki, söyüş söymək, həm də, bunu şəxsiyyətini təhqir etmək istədiyiniz adamın xəbəri olmadan, eşidib görmədiyi bir yerdə etmək, nəinki qəhrəmanlıq deyil, hətta insanlıqdan uzaq bir şeydir. Bizim kənddə yalnız qanmaz uşaqlar, onları hansısa ciddi səbəbdən, şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər".

ADP yetkilisi: "Əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar"

H.Rüstəmov ilkin cavabından sonra bildirib ki, bu günlərdə S.Cəlaloğlunu çox pis şəkildə təhqir edən "cəbhəçi" qrup fəaliyyət göstərir. O, həmçinin, bildirib ki, sözügedən qrup, əsasən, KXCP sədri Mirmahmud Mirəlioğlunu, ADP sədri Sərdar Cəlaloğlunu, "Ümid" sədri İqbal Ağazadəni, "Azadlıq" partiyasının sədri Əhməd Orucu və digər partiya sədrlərini hədəfə alır. ADP sədrinin müavini qeyd edib ki, söyüşçülərin bir neçəsinin profilinə baxıb: "Onlar "uşaq" olsalar da, yaşları kifayət qədərdir. Əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar. Mənim onlara bir sözüm var: əgər siyasəti və qəzetçiliyi peşə seçmisinizsə, bir kənara boylanın, görün, dünyada bu işləri necə görürlər?! Yox, küçə uşağı kimi söyüş söyəcəksinizsə, bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur, bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün".
Sözsüz ki, qarşı tərəfin bu yazılanlara cavabı çox gecikməyəcək. Bu isə, o deməkdir ki, bu il baş tutacağı gözlənilən prezident seçkiləri ərəfəsində, müxalifətdə ciddi qarşıdurmalar səngiməyəcək, əksinə, artacaq. Seçkilərə, elə də çox vaxtın qalmadığı bir ərəfədə, özlərini müxalifət adlandıran tərəflərin bu cür ucuz addımları isə, söz yox ki, onları xalqdan daha çox təcrid etməkdədir. Belə olan vəziyyətdə, sözdə müxalifətin seçkilərə qatılaraq, ölkənin, xalqın adından danışmaq limitlərinin də tükəndiyini əminliklə deyə bilərik...
Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər