Müxalifət

  • 8 864

Seçkilər AXCP və Müsavata nə vəd edir? TƏHLİL

image

Yaxud, siyasətdə qalmağın sıfıra bərabər olan yüz fazilik ehtimalı

Hələ 2013-cü ildə keçirilən prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayan AXCP və Müsavat kimi partiyalar arasında yaranmış dərin böhran hazırda da davam edir və həmin böhran necə deyərlər, seçkilərdən-seçkilərə qədər uzanır. Bu baxımdan, 2018-ci il seçkilərinə elə də çox vaxtın qalmadığnı nəzərə alarsaq, bu amilin öz təsdiqini tapdığını deyə bilərik. “Milli Şura” kontekstində siyasi divident axtarışında olan AXCP sədri Əli Kərimlinin Müsavat başqanı Arif Hacılıya münasibətdəki düşmənçiliyi, qarşı tərəfin də bənzər baxışı bu deyilənləri kifayət qədər sübuta yetirir.Maraqlıdır ki, müxalifətdə olan siyasi partiya sədrləri də etiraf edirlər ki, AXCP - Müsavat qarşıdurmasında əsas məqsəd antiazərbaycan dairələrin ölkəmizdə çaşqınlıq yaratmaq üçün ayırdığı qrantdan daha çox qamarlamaqdır. Belə ki, ölkəmizin inkişafını, beynəlxalq aləmə sürətli inteqrasiyasını və müxtəlif sahələrdə reytinqinin yüksəlməsini qəbul etmək istəməyən Müsavat və AXCP rəhbərlərinin qarşıdurması artıq konstruktiv müxalifət nümayəndələrini də təngə gətirib.
ASDP sədri Araz Əlizadə: “Hər ikisi də oğrudur”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə bu iki partiya arasındakı münaqişənin yaranma səbəblərinə münasibət bildirərkən deyib ki, AXCP və Müsavat partiyası rəhbərlərinin siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər.
Hələ 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Müsavat partiyasının “Milli Şura”dan çıxmasından sonra AXCP ilə münasibətlərinin kəskinləşməsinə münasibət bildirən A.Əlizadə bildirib ki, onlar məhz bu kimi uğursuz gündəmdə qalmağa çalışırlar: “Belə bir atalar misalı var: “Oğru elə qışqırdı ki, doğrunun bağrı çatladı”. Amma Müsavat ilə AXCP-yə gəldikdə, burada “oğru elə qışqırır ki, oğrunun bağrı çatlayır”. Yəni, burada doğru yoxdur, hər ikisi də oğrudur”.
ASDP sədri vurğulayıb ki, bu iki partiya arasında münasibətlərin bu cür olmasının çox sadə izahı var: “Bu insanların savadı, dünyagörüşü ambisiyalarından qat-qat aşağıdır. İndiki halda anlayırlar ki, heç bir ictimai dəstəkləri yoxdur. Bu səbəbdən gündəmdə qalmaq üçün min cür hoqqadan çıxırlar”.
ADP sədri Sərdar Cəlaloğlu: “Ziddiyyətlər qaçılmazdır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AXCP və Müsavat arasında uzun illərdən bəri davam edən gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir. Onun qənaətinə görə, belə olan halda ziddiyyətlər qaçılmaz olur. S.Cəlaloğlunun fikrincə, bu iki partiya daxilində gərginliyin son həddə çatması müxalifət düşərgəsində də çoxlarına bəllidir. Partiya sədri deyib ki, AXCP və Müsavatın vaxtilə “İctimai Palata”dakı, sonradan isə “Milli Şura”dakı münasibətini “mehriban düşmən” kimi obrazlı xarakterizə etməsək də, bu süni birliklərinin qeyri-səmimi olduğu daha öncədən də göz qabağındaydı, bu gün də belədir. Bu, cəmiyyətə də bəllidir. Müxalifətin bu qurumlarda birləşməməsinin əsas səbəbi də həmin gərginlikdir”.
AMİP rəsmisi Əli Orucov: “Bir-birini ən kəskin şəkildə rüsvay edirlər”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orcuov da bu məsələ ilə əlaqədar açıqlama verərkən deyib ki, AXCP-Müsavat qarşıdurması birinci dəfə deyil və sonuncu da olmayacaq. AXCP ilə Müsavat arasındakı münaqişənin diqqətçəkən məqamlarından biri də budur ki, bu iki partiya arasındakı ən gərgin münasibətlər məhz seçkilərin keçirildiyi dövrə təsadüf edir. Arxada qalan seçkilərin tarixinə nəzər salsaq görərik ki, bu partiyalar seçkilərə guya birgə qatılmaq üçün əvvəlcədən qondarma bir qurum yaradırlar. Seçki yaxınlaşanda isə hansı partiyanın birinci olacağı barədə mübahisələr başlanır. Birincilik davasında da heç də əsas məqsədin seçkilərdə qalib gəlməsi deyil. Seçkilər ərəfəsində radikal müxalifəti ortalığa atan ermənipərəst dairələr hakimiyyətin əleyinə daha çox iftira atanlara çirkli pullardan çox pay ayıracağını deyir. AXCP ilə Müsavat partiyası rəhbərlərinin isə əsas davası bu çirkli pullardan kimin daha çox qamarlaması üstündə baş verir. Dünənə qədər birlik görüntüsü yaratmaq istəyən bu iki partiya mənsubları sonradan bir-birini ən kəskin şəkildə rüsvay edirlər. Hətta, kimlərinsə verdikləri pullar hesabına mövqelərini, simalarını tez-tez dəyişmələrini, dünən birinin, bu gün isə başqa birisinin arxasına düşdüklərini də açıq şəkildə bəyan edirlər.
Sabiq müsavatçı Azər Ayxan: “Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir”
Yeri gəlmişkən, vaxtilə Müsavat partiyasının aparıcı üzvlərindən olmuş, hazırda bu partiya ilə əlaqələrini kəsən “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan hələ bir müddət öncə cəbhəçilərlə müsavatçılar arasında baş verən qalmaqalları sosial şəbəkədə bu cür izah etmişdi: “AXCP sədrinin müavini Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxanın birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasət muzduru da ilk fürsətdəcə aradan çıxdı...Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar. Kim kefini durultmaq istəsə, onu ələ salıb əylənir”.Göründüyü kimi, AXCP - Müsavat qarşıdurması bu dəfə 2018-ci il prezident seçkiləri ərəfəsində ən gərgin mərhələyə qədəm qoyub. Seçkilərdən sonra isə hər iki partiyanın siyasi arenada qala bilməsi ehtimalı sıfıra bərabər olacaq.

sia.az.

Digər xəbərlər