Müxalifət

  • 14 433

"Milli Şura"nın xalqın mənəvi dəyərlərinə sığınmağa zərrə qədər haqqı çatmır

image

Demokratik qüvvələr adından çıxış etməyə cəhd göstərən "Milli Şura" deyəsən qondarma qurumun üzvləri təşviş içindədir. Bu təşvişin səbəbi heç də milli maraqlar, demokratik dəyərlər və hər zaman istifadə etməyə çalışdıqları bu kimi ali prinsplər deyil. Ali prinsiplərdən, hətta şəhid məqamından alət kimi istifadə etmək cəhdidir. Bu cəhdi real müstəvidə heç bir nəticə əldə edə bilmədiyi üçün virtual müstəviyə çıxaranların sosial şəbəkələrdəki fəaliyyətindən görmək olar.

Bir zamanlar qondarma "Milli Şura" tribunasından hay-küy salan Gültəkin Hacıbəyli son vaxtlar sosial şəbəkə "cəngavərinə" çevrilib. Bu qadının ittihamlarla dolu fikirləri əslində bir-birini təkzib edir. Hətta G.Hacıbəyli öz maraqları üçün şəhid məqamından da utanmadan istifadə etməkdə mahir olduğunu nümayiş etdirir. Son günlər Azərbaycanın ən şərəfli tarixi gününün qeyd olunması, şəhid adının ehtiramla yad edilməsi, 20 yanvar xatirəsinin anılmasının ildönümü ərəfəsində G.Hacıbəyli sosial şəbəkədə daha da dırnaqarası "fəallıq" göstərdi və əslində, bu ali məqama hörmətsiz yanaşmasını nümayiş etdirdi.

Piket keçirmək üçün 20 yanvardan istifadə etmək cəhdi şəhid ruhuna qoyulan hörmətsizlikdir

G.Hacıbəylinin sosial şəbəkə vasitəsilə insanları anım günündə "Milli Şura" ilə birlikdə şəhid məzarlarını ziyarət etməyə çağırması heç bir məntiqə sığmır. Bu, avantüradır. Niyə bu xalq öz şəhidlərini "Milli Şura" ilə anmalıdır? İmperiya qoşunları paytaxtda qanlı aksiya keçirəndə, qaçıb gizlənən müxalifət ünsürləri olsa da, axı şəhid canını qurban verəndə "şura" deyilən bir şey yox idi.
Sözsüz ki, bir dövlət və xalq üçün də, hətta hər bir fərd üçün də şəhid məqamından qiymətli dəyər ola bilməz və yoxdur da. Əcəba, G.Hacıbəyli necə, bu dəyərlərə hörmətlə yanaşırmı? Öz çirkin niyyəti, piket keçirmək məqsədi üçün 20 yanvar faciəsi günündən istifadə etmək cəhdi şəhid ruhuna qoyulan hörmətdirmi? Yəni "şura", onun üzvləri bu qədər sayqısız oldular ki, şəhidi anma gününü öz maraqlarına xidmət üçün seçim etdilər? Yoxsa ötən əsrin 90-cı illərdə meydana toplaşan böyük insan kütləsindən istifadə edən cəbhəçilər misalı, indi də bunlar çoxsaylı insan izdihamından yararlanmağı planlayırdılar? Müxalifət nümayəndələrinin bu qədər aşağı düşəcəyinə şübhə olmayıb, belə hallarla dəfələrlə rastlaşılıb. Amma xalqın, öz əzizlərinin, şəhidlərinin xatirəsini yad etməyə toplaşanların bu ünsürlərin ardınca düşəcəyinə ümid etməsinə belə heç cür inanmaq olmur. Özləri də bilirdilər ki, izdihamdan bir nəfər belə ayrılıb, onlara qoşulan deyil.

Polis xiyabanda maneə üçün yox, asayiş üçün nəzərdə tutulmuşdu və şəhid məqamına hörməti ifadə edirdi

H.Gültəkin ola bilsin, dərk etmir ki, 20 yanvar günü xiyabanda polis maneə üçün yox, asayiş üçün nəzərdə tutulmuşdu. Belə bir şərəfli gündə öz şəhidlərinin xatirəsini əziz tutan xalqın ziyarət üçün yığışmasından, insan izdihamından alət kimi istifadə etməyə çalışan, çirkin niyyətlər planlaşdıranlardan bu xalqı mühafizə etmək üçün polis öz şərəfli peşəsini həyata keçirirdi. Sizin kimi avantüristlərin 20 yanvar kimi müqəddəs bir gündə şəhid ruhuna hörmətsizlik etmək cəhdlərinizin belə baş tutmaması üçün nəzərdə tutulan tədbirlər, əslində, şəhid ruhuna və məqamına hörmətin təzahürü idi.
Əlbəttə, şəhid ruhu narahatdır, amma G.Hacıbəyli bilməlidir ki, şəhid ruhu öz mitinqlərində düşmən dəyirmanına su tökən, Azərbaycan Ordusunu aşağılamağa səy göstərən, Azərbaycan əsgərini əliyalın adlandıraraq, ermənilərə mesaj atmağa çalışan, işğalçıları ruhlandırmaq istəyən xainlərə görə narahatdır. Şəhid ruhu, ona görə narahatdır ki, siz hələ də xalqın mənəvi ruhundan və şəhid məqamından belə öz çirkin məqsədləriniz üçün istifadə etməyə can atırsız. Ona görə narahatdır ki, uğrunda can verdikləri bu torpağın üstündə sizin kimi xainlər var.

"Milli Şura" istisna olunmur və ümumilikdə, müxalifətin fəaliyyəti gerçək deyil

G.Hacıbəyli yazır ki, gerçək müxalifəti-"Milli Şura"nı Şəhidlər Xiyabanına buraxmaq istəmədilər. Sonra da yazır ki, biz xiyabanı ziyarət etdik. Bu, nə məntiqsizlikdir? Əgər ziyarət etdinizsə, buraxmaq istəmədilər nə ittihamdır? Yoxsa Hacıbəyli istəkləri və fikirləri də oxuya bilir? Bu qadında olmaya şamanlıq istedadı da var və istəkləri, düşüncələri belə xüsusi öncəgörmə qabiliyyəti ilə duya bilir? Amma duyğu orqanlarına çox güvənən bu qadın nədənsə, bu xalqın onlara olan inamsızlığını, hətta real olan nifrətini belə heç başa düşə bilmir.
Gerçək müxalifət dedikdə, G.Hacıbəyli yalnız "Milli Şura"nı nəzərdə tutursa, digər müxalifət qurumlarını şübhə altına alır və ittiham edir. Hacıbəylinin fikrincə, müxalifətin qalan qurumlarının heç biri gerçək deyil və məlum olur ki, o, müxalifəti gerçək və qeyri-gerçək olmaqla iki qrupa bölür. Yaxud müxalifətin gerçək olmayan fəaliyyəti Hacıbəyli tərəfindən etiraf edilir.
Əslində, G.Hacıbəyli rəy və fikirlərinə ehtiyac belə yoxdur. İctimaiyyət çox yaxşı başa düşür ki, ümumilikdə, müxalifətin fəaliyyəti gerçək deyil. Öz mövcudluğunu sübut etmək, varlığını, son qüvvəsini göstərmək üçün sosial şəbəkələrə əl atan müxalifət, real siyasi arenadan uzaq olan virtual məkana ümid bəsləyir. "Suda boğulan saman çopünə də əl atar", misalında bu biçarələrin başqa bir çarəsi belə qalmadığı üçün virtual məkanı mübarizə meydanı kimi seçməsi də başadüşüləndir. Amma öz yalanları, təhrifləri, təkzibləri ilə, istifadə etmək, yararlanmaq, öz mənafeləri üçün alət etmək kimi çirkin niyyətləri ilə virtual məkanın kantingenti arasında da nifrətlə qarşılandıqları, tezliklə bu məkanı da tərk etmək məcburiyyətində qalacaqları günün reallığıdır.
İstər G.Hacıbəyli olsun, istərsə də digər "Milli Şura" nümayəndəsinin ictimaiyyətin adından danışmağa, onu təmsil etməyə, xalqın mənəvi dəyərlərinə sığınmağa zərrə qədər haqqı çatmır. Azərbaycan xalqı Şəhidlər Xiyabanını yalnız hər il 20 yanvar günü deyil, mütəmadi olaraq, ziyarət edir və öz müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərə ehtiramını ifadə edir.

İnam Hacıyev

Digər xəbərlər