Müxalifət

  • 17 335

Avantüraçılar yenə də iş başında

image

Onlar tərəddüd etmədən xəyanətlərə yol verirlər

Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycanın müstəqil və demokratik dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etməsi, zamanın nəbzinə və müasir tələblərə uyğun olaraq, tərəqqisini sürətləndirən sosial, siyasi və s. sahələrdə ardıcıl islahatlar həyata keçirməsi səmərəli nəticə verir və qüdrətini hər keçən il daha da artırır. Yerləşdiyi regionla yanaşı, beynəlxalq aləmdə də liderlik mövqeyini qoruyan və qazandığı yeni nailiyyətlərlə bu statusunu davamlı şəkildə möhkəmləndirən Azərbaycan artıq beynəlxalq hüququn güclü və nüfuzlu müstəqil subyekti kimi çıxış edir.

Gözəl Bayramlı və Əfqan Muxtarlı üzərində apardıqları oyun da bu qəbildəndir

Lakin son günlər, xüsusilə, 2018-ci ilin seçkilər ərəfəsində Azərbaycan əleyhinə fəaliyyət göstərən antiazərbaycançı şəbəkə və bu şəbəkələrə xidmət edən milli satqınlar toplumu, müxtəlif vasitələrlə siyasi oyunbazlıqlara əl atırlar. Sosial şəbəkələrdə saxta profillərlə bu və ya digər şəkildə xarici ağalarına nökərçilik edən tərəflər, eyni zamanda, hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə istənilən an Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını sübuta yetirlər. Belə ki, bugünkü radikal və dağıdıcı müxalifət 1990-cı illərin əvvəllərində olduğu kimi, belə bir şəraitdə yenidən insanların kortəbii inam dalğasında hakimiyyətə gələ biləcəyinə dair xəyallar qurur, bu xəyalın reallaşması üçün Azərbaycanın ən qatı əleyhdarları ilə, hətta ermənilərlə belə işbirliyi qurmaqdan çəkinmir. Yəni onlar - avantüraçılar öz mənafeləri və maddi maraqları naminə lazım gəldikdə, bir an belə tərəddüd etmədən xəyanətlərə yol veriblər və bu, faktdır!
Bu gün sosial şəbəkələrdə yığılan satqın qruplar onlara haqlı irad bildirən, eləcə də, ittiham edən tərəflərə hələ utanmadan bu "liderləri"n hansı xəyanətləri törətmələrini sadalayır və qarşılıqlı ittihamlar irəli sürürlər. Elə isə, biz yenidən bu xəyanətləri xatırlatmaq istərdik.
Misal üçün, Müsavat partiyasının sabiq sədri İsa Qəmbərin Ermənistan Ümummilli Hərəkatının lideri A.Manukyanla Almaniyada qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalaması, Ə.Kərimlinin xeyir-duası ilə keçmiş AXCP üzvü Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə partiyası adından əməkdaşlığa dair razılıq əldə etməsini kimsə inkar edə bilməz. Eləcə də, son günlər Gözəl Bayramlı və Əfqan Muxtarlı üzərində apardıqları oyun da bu qəbildəndir.

Təcrid olunmuşların isə toplaşacaqları yeganə yer uzağı sosial şəbəkələrdir ki, orada bir-birlərinə təskinlik verib bu vasitə ilə siyasi ömür sürdüklərini sanırlar

Digər tərəfdən, yaxın keçmişə nəzər saldıqda, radikal müxalifət təmsilçilərinin öz mənafeləri naminə Azərbaycan xalqının ağır faciələrlə üzləşməsinə hazır olmalarına dair konkret misallar çəkmək mümkündür. Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsi üçün AXC və Müsavatın Azərbaycan ərazilərini hərraca qoyması və ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaları da bunun faktiki sübutu kimi çıxış edir. Bu, həmin müxalifətdir ki, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinmədi. Bu gün isə həmin satqınlar seçki mühitindən yalnız öz kirli məqsədləri üçün istifadə edərək, yenidən Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürüklənməsini istəyir. Bunun üçün qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmnuniyyətlə işbirliyinə gedir. Tam əminliklə deyə bilərik ki, AXCP sədri Ə.Kərimlinin nəzarətində olan "Milli Şura", Müsavatın sabiq başqanının idarəçiliyində olan "MSDM" tipli qurumlar bu sıradandır. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət ünsürləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Ancaq onlarda bu dəfə də heç nə alınmayacaq. Çünki xalq onları dəstəkləmir, o cümlədən, özləri xalqdan təcrid olunublar. Təcrid olunmuşların isə toplaşacaqları yeganə yer uzağı sosial şəbəkələrdir ki, orada bir-birlərinə təskinlik verib bu vasitə ilə siyasi ömür sürdüklərini sanırlar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər