Müxalifətin “varlığı” və yoxluğu... TƏRS BAXIŞ

Yaxud, 1993-cü ildən indiyədək biabırçı məğlubiyyətlərə uğrayan radikalların gerçək tarixi

Sirr deyil ki, uzun illərdir dağıdıcı müxalifət qalmaqallarla gündəmdə qalmağa müxtəlif və çoxsaylı cəhdlər göstərir. Lakin fakt budur ki, xarici havadarları vasitəsi ilə müxtəlif siyasi oyunbazlıqları da radikallara heç bir siyasi üstünlüklər vermir. Əksinə, daxili didişmələr və qarşıdurmalar artır, ambisiyalar uğrunda savaşlar daha da şiddətlənir. Əslində, bu kimi halların digər səbəbi dağıdıcı müxalifət partiyalarında islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüslərlə çıxış etməmələridir. Bunun da nəticəsi olaraq, müxalif partiyalar öz elektoratını tamamilə itiriblər. Bəziləri də artıq seçki kampaniyası aparmağa gücləri çatmadığına görə, hələ aprel seçkisi ərəfəsində bəyan edirdilər ki, güya seçkiləri boykot edirlər və s...

Siyasi savadsızlıq və səbatsızlıq reallığı

Nəticədə yenə də rüsvay oldular. Onlar bununla etiraf etdilər ki, siyasi savadsızlıq və səbatsızlıq boylarına biçilmiş reallıqdır. Çünki seçkinin taleyini ayrı-ayrı partiyalar və şəxslər deyil, xalq müəyyənləşdirir.Daha bir fakt budur ki, tükənməyən və uzun illərə söykənən AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillərdəndir. Partiyadaxili savaşdan əlavə, bu iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur. Mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb. Qısa tarixi ekskur vasitəsilə 1998-ci il prezident seçkiləri dövrünü götürək. Xatırladaq ki, həmin ərəfələrdə müxalifət "SİDSUH" adlanan təşkilatda birləşmişdi. Lakin AXCP və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədi, nəticədə, qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur.
"SİDSUH" - parçalanmanın əsasını qoyan "hərəkat" kimi müxalifətin rüsvayçılıq tarixinə yazıldı. “DUH”, “MKM”, "Demkonqres", "Azadlıq", “Bizim Azərbaycan” və digər seçki blokları, eləcə də birlikləri də eyni aqibəti yaşadılar. Beləliklə, illər boyu bu düşmən və bir-birilərinə patoloji nifrət edən parityaları son nəticə etibarilə guya "Milli Şura" bir araya gətirib çıxardı – dağılmış “İctimai Palata”dan sonra...

Azər Həsrət: “Həmin adamların heç biri Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb”

Ancaq burada da uzun müddət duruş gətirə bilməyən Müsavat AXCP-ni Rusiyaya satılmaqda ittiham edərək, oradan uzaqlaşdı. Beləliklə, məsələ tamamilə aydındır. Guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiyada təmsil olunanlar nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilirlər. Bu isə, sonu olmayan bir yola bənzəyir. Heç də təsadüfi deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Artıq məğlubiyyətləri ilə barışan AXCP-Müsavat başbilənləri Avropadan gələn ianənin azlığını nəzərə alıb, alver taktikalarını dəyişiblər. Yeni mühacir biznesinə girişiblər.Bununla bağlı bir çox maraqlı fikirlər də səsləndirilib. Məsələn, hüquq müdafiəçisi Azər Həsrət mətbuata açıqlamasında deyib ki, dağıdıcı müxalifətin bu etiraz aksiyaları siyasi iddalarını təşkil etmək üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək istəyirlər: "Çünki etiraz aksiyalarında yeni şəkillər çəkəcəklər və arayışlar alacaqlar. Birmənalı olaraq, deyirəm ki, müxalifətin bu etiraz aksiyaları xaricdən sığınacaq almaq üçün nəzərdə tutulub. Son vaxtlar xaricdə sığınacaq alıb Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlər haqqında araşdırma apardım. Məlum oldu ki, həmin adamların heç biri Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb. Heç kim də onları şəxsən tanımır. Amma onlar iddia edirlər ki, Azərbaycanda demokratikləşmə uğrunda gedən mübarizələrdə iştirak etdiklərinə görə sıxışdırılıblar və ona görə də, ölkədən qaçıblar. Bu kimi mitinqlər xaricdə sığınacaq almış həmin şəxslərin özlərinə yeni imkanlar alması üçün nəzərdə tutulub. Bunu mitinqin təşkilatçıları çox gözəl bilir. Onlar arayışları da pul ilə satırlar. Buna görə də, bizneslərini inkişaf etdirmək istəyirlər".Beləliklə, “müxalifətin” dırnaqarası “varlığı” olsa da, onun nə siyasi, nə sosial nə də başqa məzmunlarda dövlətə, xalqa heç bir səmərəsi olmayıb, yoxdur və olmayacaq da. Hətta xarici havadarları belə, onlardan istədikləri qədər yararlana bilmir. Çünki belə dırnaqarası siyasi təşkilatlar həm də xalqdan təcrid olunmuşlardırlar. Xalq isə hakimiyyətin, dövlətin yanındadır. Məhz bu fakt radikalların siyasi ölüm prosesini sürətləndirir.

sia.az