Müxalifət

  • 60 411

İki AXCP arasında qalmaqallar davam edir MÜXALİFƏT

image

Razi Nurullayev: “Yurd” sədri təbiətcə diktatordur. Ətrafına hörmət qoymaqdan söhbət belə gedə bilməz. Digər partiya sədrlərini pis vəziyyətdə qoymaq və onları alçaltmaqdan zövq alır”

Uzun müddətdir ki, Əli Kərimlinin sədri olduğu AXCP ilə alternativ AXCP sədri Razi Nurullayev arasında kəskin qarşıdurma yaşanır. Hər iki siyasi təşkilatın eyni ada iddiaları isə vəziyyətin daha da gərginləşməsinə səbəb olmaqdadır. Dəqiq desək, R.Nurullayev Ə.Kərimlinin öz liderinə - Əbülfəz Elçibəyə xəyanət etdiyini hər dəfə xatırlatmaqla, cəbhə adına iddialı olmasının doğru olmadığını deyir. Belə ki, anti-Kərimli xarakterli yazısı ilə çıxış edən R.Nurullayev qeyd edir ki, onu, yəni R.Nurullayevi AXCP adına iddia etdiyinə görə, qınayanlar var və s.
“AMİP-in sabiq sədri Yusif bəy incikliyini mənə çatdırdı və dedi ki, Əli Kərimli mənə zəng edir...”
“Əslində bu gün özünü Ə.Kərimliyə yaxın bilən və ya onun kölgəsində kiçik və mənasız siyasət oynayıb, özünü siyasətçi sayanlar da çox gözəl bilirlər ki, “Yurd” sədri ilə onlar arasında Himalay dağı boyda uçurum var”, yazan Nurullayev qeyd edir: “Bu uçurumu doldurmaq isə onların gücü daxilində deyil. Nə qədər oyun qursalar da, ‘Yurd’ sədrindən iyrənc siyasi oyun qura bilməyəcəklər. Hər kəs bilir ki, o nə göründüyü kimidir, nə də danışdığı qədər var. “Yurd” sədri təbiətcə diktatordur. Ətrafına hörmət qoymaqdan söhbət belə gedə bilməz. Digər partiya sədrlərini pis vəziyyətdə qoymaq və onları alçaltmaqdan zövq alır”.Bu arada, AMİP-in sabiq sədri Yusif Bağırzadənin də xatırlatmasını yada salan alternativ AXCP-nin sədri sözügedən yazısında qeyd edir: “AMİP-in keçmiş sədri Yusif Bağırzadə inciməsin, amma onun mənə söylədiyi bir məsələni deyəcəyəm. Yusif bəy incikliyini mənə çatdırdı və dedi ki, Əli Kərimli mənə zəng edir, nəsə deyir və mənim cavabımı gözləmədən “otboy” verir. Mənimlə köməkçisi Faiq bəy kimi davranır və mən abrıma-həyama bükülüb səsimi çıxarmıram. Həmin vaxt Əli Kərimlinin yerinə Yusif bəydən mən üzr istədim.Yusif bəy bu məsələnin gizli qalmasını istəmişdi, amma özümə borc bildim ki, bunu “Yurd” sədrinə deyim. O isə sadəcə güldü və üzünə lovğalıq ifadəsi qondu...”
“Partiya dediyi təşkilatında heç zaman azad söz olmayıb, indi də azad söz yoxdur”
“Onun avtoritar düşüncəsi nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə , hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası müxalifətin səmimi mübarizəsini əngəlləyirdi və bu gün də əngəlləməkdədir”, deyə qeyd edən R.Nurullayev əlavə edir ki, Ə.Kərimli doğrudan da təşkilatında daxili avtoritarizm yaratmışdı və heç bir daxili demokratiya bu gün də yoxdur: “Partiya dediyi təşkilatında heç zaman azad söz olmayıb, indi də azad söz yoxdur. Təəssüf edirəm ki, Əli bəyin tənqidə və fərqli fikirə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıydıq ki, gəlirik? Axı necə gəlirdik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirdik? Buna qarşı oldum. Mən və tərəfdarlarımın səhmindən istifadə etmək, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edə bilmədi. “Səhmdar var, səhmlər yox”,- dedi”.
“Bütöv milli və qlobal siyasət “like” etmək, paylaşmaq və şərh yazmaqdan ibarət deyil”
“Əli Kərimlinin ətrafında olan çoxları digər müxalifət partiyalarını müzakirə etməkdən imtina edən zaman dışlanıb”, qeyd edən R.Nurullayev əlavə edir ki, Kərimli, özünü nəyin bahasına olursa olsun, müxalifətdə birinci görüb və bu yerə iddialı olanları da min hiyləylə ləkələyib sıradan çıxarmaq istəyib: “Bu adamda qlobal düşüncə deyilən təfəkkür tərzi yoxdur. Ancaq xırdaçılıq, cılız və iyrənc oyunlar üzərində qurulan siyasət. Bütöv milli və qlobal siyasət “like” etmək, paylaşmaq və şərh yazmaqdan ibarət deyil. Opponentlərini sıradan çıxarmaq üçün oyunlar qurmaq da deyil. O zaman olduğu kimi bu gün də sözdə iqtidarla, əməldə isə müxalifətlə mübarizə aparır. Niyə? Bu, o zaman labüd olardı ki, Azərbaycanda bərabər güclü partiyalar və onların hakimiyyətə gəlmək üçün bərabər şansları olsun. Amma axı bizdə güclü müxalif partiyalar yoxdur və olanlar da gücsüz duruma düşüb”.Beləliklə, Ə.Kərimlinin düşərgədəki simasızlığını tam şəkildə açıb-ortaya qoyan Nurullayev əslində demək istəyib ki, o heç bir halda AXCP adını ona peş-kəş verməyəcək. Əksinə, sona qədər bu ad uğrunda açıq savaşını aparacaq. Hər halda, bu məsələnin hər iki AXCP-yə ciddi təsiri olacaq. Necə deyərlər, Allah ya R.Nurullayevə, ya da Ə.Kərimliyə verəcək...

Digər xəbərlər