Müxalifət

  • 78 835

İlqar Məmmədovdan Əli Kərimliyə “vicdansız” damğası

image

AXCP və “Milli Şura” cütlüyü REAL-a müharibə astanasında

AXCP və “Milli Şura”nı idarə edən Əli Kərimlinin sosial şəbəkədəki söyüş qrupları REAL partiyasının sədri İlqar Məmmədova qarşı davamlı kampaniyalarını hazırda da davam etdirməkdədirlər. Belə ki, son günlər istər İ.Məmmədov, istərsə də onun müavinləri radikalizm və mitinqlər yolu ilə hər hansı bir siyasi uğurun əldə edilə bilinməyəcəyini etiraf edir, o cümlədən, hakimiyyətin apardığı islahatlar proqramını müsbət qiymətləndirirlər. Əlbəttə ki, iqtidarın atdığı uğurlu və xalq tərəfindən dəstəklənən addımlarını qəbul etməyənlərin başında dayanan Ə.Kərimli bu uğurlara öz təbirincə kölgə salmağa cəhdlər göstərir, islahatları dəstəkləyən müxalif mövqeli insanları isə dərhal “xəyanətkar” adlandırır. Halbuki, AXCP sədrinin istər müxalifətə, istərsə də bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi xəyanətləri bu gün də hər kəsin xatirindədir.
İlqar Məmmədovdan Əli Kərimliyə: “8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki...”
REAL partiyasının sədri İ.Məmmədovun sosial şəbəkədə yazdığı status bu məsələni daha da qızışdırıb. Xatırladaq ki, realçıların sədri siyasi mübarizənin seçkidən keçdiyini etiraf edib. “Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi”, statusunda qeyd edən İ.Məmmədov bu vasitə ilə ənənəvi müxalifətin xalq tərəfindən dəstək ala bilməyəcəyinə eyham vurub və düşərgəni səmərəli fəaliyyət göstərməyə dəvət edib. O, xüsusilə AXCP-“Milli Şura” cütlüyünü, habelə müsavatçıları mitinq keçirmək iddiasını kənara qoymağa və hər mitinqlərində “inqilab edəcəyik” kimi utopik xəyallara dalmamağa səsləyib: “...Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, “biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir”. Yaxşı, ”inqilab-inqilab" deyirdiniz: 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi?”
Əli Kərimlidən İlqar Məmmədova: “Həvəsi varsa, özünü aldatsın...”
İronik sualının ardınca, REAL partiyasının sədri ənənəvi düşərgəni normal əməkdaşlığa dəvət edib. “Amma qapılarımız yenə də açıqdır. Seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm”, deyən müxalifətçi partiya sədri bunun əvəzində sosial şəbəkədə qarşı tərəfin söyüşlərini, təhqir və istehzalarını oxumalı olub. Bütün bunların isə başlanğıcını məhz Ə.Kərimli qoyub. O, İ.Məmmədovun özünü aldatdığını deyib və növbəti dəfə xalqın adından daınşıb. “Heç kim özünü aldatmasın. Daha doğrusu, həvəsi varsa, özünü aldatsın, ancaq bizi, xalqı aldatmağa çalışmasın”, deyən AXCP sədri bununla söyüş qrupuna “başlayın” eyhamını vurub.
Mə mitinq, nə də seçki onların bu ümidlərini doğrultmayıb, bundan sonra da doğrulda bilməyəcək
O da əbəs deyil ki, Ə.Kərimlinin Fransada yaşayan müavini Natiq Ədilov starta başlayıb və hər zaman olduğu kimi, köhnə iddiada bulunub. Yəni İ.Məmmədova “hakimiyyətə işləyirsən” ittihamını irəli sürüb. “İlqar Məmmədov həbsdə olanda bəzi qrupların onun ətrafında qurduğu kampaniya kifayət qədər effektli olmuşdu. Xeyli adamın İlqar Məmmədovdan ciddi gözləntiləri var idi”, deyən N.Ədilov Erkin Qədirli və Natiq Cəfərlini də İ.Məmmədovla birlikdə müxalifətə xəyanət etdiklərini bildirib. Söz yox ki, qarşı tərəflər də öz növbələrində eyni ittihamı bu və ya digər şəkildə səsləndiriblər. Beləliklə, bu məsələ böyüyərək, hətta şişərək çərçivədən çıxıb və fakt budur ki, radikal düşərgədə kəskin və amansız müharibəyə start verilib. Bu müharibədən kimlərin necə çıxacağını isə növbəti seçkilər göstərəcək. Yəni bəri başdan belə bir qənaətə gəlmək mümkündür ki, radikal və dağıdıcı müxalifətin bir hissəsinin ümidləri mitinqlərə, digərinin isə seçkilərə qalıb. Amma nə mitinq, nə də seçki onların bu ümidlərini doğrultmayıb, bundan sonra da doğrulda bilməyəcək.

sia.az

Digər xəbərlər