Siyasət

  • 1 976

Azərbaycan Avropanın enerji xəritəsini yenidən hazırlayan güclü dövlətdir

image

Prezident İlham Əliyev: "Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq"

Bu gün Azərbaycan üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Məhz əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə də, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Elə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkətin qatıldığı XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi-konfransında Azərbaycan Prezidenti İlham Əliyev bir daha diqqəti sözügedən məsələyə yönəldib: "Hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə, xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik".

Heç kəsə sirr deyil ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, "Şahdəniz" yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün "Cənub Qaz Dəhlizi" icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, bu gün Bakı-Tbilisi-Qars layihəsinə heç kim vəsait qoymazdı. Məhz "Əsrin kontraktı"nın uğurla icra edilməsi imkan verdi ki, neftdən əldə olunan vəsait insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldilsin. Bu gün bir məsələ də reallıqdır ki, Azərbaycan, nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyinə dəyərli töhfəsini verməkdədir. Təbii ki, ölkəmizin rolu artdıqca imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanları da genişlənir. Getdikcə ölkəmizin tərəfdaşlarının coğrafiyası genişlənir. İmzalanan yeni müqavilələr, sözsüz ki, əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amildir. Azərbaycan liderlik mövqeyini nümayiş etdirməklə, Avropanın enerji xəritəsini yenidən tərtib edir. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq nüfuzunun artmasını şərtləndirdi. Aydındır ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişi ilə dünya enerji bazarında mövqeləri möhkəmlənən Azərbaycanın imkanlarının tükənməzliyi alternativ layihələrinin gerçəkləşməsi təşəbbüsünün şaxələndirilməsi imkanlarını artırır. Bölgədə siyasi sabitliyin qorunmasında, dövlətlər arasında iqtisadi və siyasi əməkdaşlığın möhkəmlənməsində böyük xidmətləri olan Azərbaycan neft-qaz və nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar bir dövlət kimi vədinə sadiqliyini bəyan edir.
Prezident İlham Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaq. 2012-ci ildə TransAnadolu-TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycanla Türkiyə arasında sazişin imzalanması, 2013-cü ildə TransAdriatik boru kəmərinin Avropaya əsas ixrac marşrutu kimi seçilməsi enerji sektorunda əldə olunan uğurların davamlılığının təsdiqidir.
"TAP Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsi beynəlxalq aləmdə də alqışlanaraq bildirilmişdir ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də, Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır.
Bir sözlə, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Bu da, onu göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeganə alternativ mənbədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər