YAP-ın təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi məhz Ümummilli liderimiz Heydər Əliyevdir.
Daha sonra YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək 1993-cü ilin 15 iyun tarixinin – Milli Qurtuluş Gününün xalqımız və dövlətimiz üçün tarixi əhəmiyyətindən bəhs ediblər, həmin dövrdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda başladığı böyük quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, müasir müstəqil Azərbaycan hazırda Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

yap.org.az