Konçetta Fierravanti-Uells: Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.
Nazirlər 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirib, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Konçetta Fierravanti-Uells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabrında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalı olduğunu qeyd edib.
Konçetta Fierravanti-Uells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən razılıq ifadə olunub.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə Avstraliya arasında gəmiqayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

yap.org.az