Siyasət

  • 2 711

“Milli Qurtuluşdan İntibaha”

image

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi aparatı, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, “Milli Qurtuluşdan İntibaha” adlı tədbirdə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və digərləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra 15 İyun tarixini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə ilk çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, müstəqillikdən sonra qarşımızda çox böyük vəzifələr dayanmışdı ki, bunlardan biri milli müstəqilliyin dönməzliyi idi.
Onun sözlərinə görə, Sovetlər İttifaqı çökdükdən sonra ölkəmizdə müstəqil dövlət quruculuğu yerinə yetirilməli idi: “Lakin o zaman siyasətdən uzaq adamların idarəçiliyə gəlməsi ölkəmiz üçün çox çətinliklər yaratmışdı. Biz başqa respublikaların ilk müstəqillik tarixinə baxdıqda orada siyasi elitanın qarşısındakı vəzifələri düzgün yerinə yetirdiyini görsək də, Azərbaycan haqqında bunu deyə bilmərik. Məhz bunun nəticəsində də o dövrdə Azərbaycanda müxtəlif qrupların toqquşması baş verdi və Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirmiş oldu. O dövrdə ölkənin müstəqilliyini qorumaq çox çətin idi. Lakin xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bu çətin işi yerinə yetirə bildi”.
Komitə sədri qeyd edib ki, bu gün 1990-cı illərdə baş verənləri gözü ilə görənlərlə yanaşı, onu kitablardan oxuyanlar da var: “Bu baxımdan belə tədbirlərin keçirilməsi mütləqdir. Tarixdə Azərbaycan xalqının böyük izi var və biz bu tarixi nailiyyətləri unutmamalıyıq. Ulu Öndərin hakimiyyətə qayıdışı şəxsi ideya deyil, Azərbaycançılıq ideyasının təşəbbüsü idi. Ümummilli liderin atdığı addımlar Azərbaycanın gerilikdən inkişafa, xaosdan intibaha apardı. Milli Qurtuluş Günü bizim tariximizdir. Hər kəsi bu bayram münasibətilə təbrik edirəm”.
Sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Ulu Öndərin vaxtilə dediyi bir tezisi təkrar edib: “Müstəqilliyi qazanmaq asan olsa da, onu əldə saxlamaq çox çətindir”.
1991-ci ildə baş verənlərin uzaq tarixdə qalmadığını deyən YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, müstəqilliyimizi elan edəndən sonra doğulan gənclərimiz bu tarixi bilməli və zaman-zaman Azərbaycanın başına gələnlərlə bağlı düzgün məlumat almalıdırlar: “1990-cı ilin əvvəlində Azərbaycanın bir dövlət kimi tarixdən silinməsi təhlükəsi yaranmışdı. Bundan başqa Xocalı faciəsi və digər rayonlarımızın işğalı çox ciddi problemlər yaratmışdı. O zaman hakimiyyətə gələn səriştəsiz, təcrübəsiz insanlar ölkəni uçuruma aparırdılar. İnflyasiyanın səviyyəsi 1600 faizə çatmışdı. Tarixdə heç bir ölkədə belə hal qeydə alınmayıb. Ölkəmiz tənəzzülə, uçuruma doğru gedirdi. Heç bir müəssisə işləmir, iş yerləri yox idi. Bir sözlə Azərbaycanda acınacaqlı dövr idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. O zaman hakimiyyətdə olanların özləri də çaş-baş qalmışdılar. Xəzinədə pul yox idi. Həmin dövrdə rəhbərlikdə olanlar milli-mənafedən çox-çox uzaq idilər. Azərbaycan xalqı bütün bunları gördüyü üçün haqlı olaraq Ulu Öndərin hakimiyyətə qayıdışını tələb etdi və Ümummilli Lider bütün çətinliklərə baxmayaraq, ölkəmizi bəlalardan qurtardı. Yalnız bundan sonra müstəqil Azərbaycanın dövlətçilik tarixi başladı. Ulu Öndər qısa zamanda ölkəmizi çətinliklərdən çıxara bildi”.
Daha sonra çıxış edən “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycan xalqının taleyinə bir əsrdə iki dəfə müstəqillik qazanmaq yazılıb: “1918-ci ildə Azərbaycan obyektiv, zərurətdən irəli gələn müstəqillik qazansa da, onu əldə saxlaya bilmədi. Daha sonra 1990-ci ildə yenidən müstəqillik qazanmaq şansı əldə etdik. Lakin həmin dövrdə müstəqilliyi qorumaq üçün güclü liderə ehtiyac var idi. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırmış oldu”.
1992-ci ildə ziyalıların Ulu Öndər Heydər Əliyevə ilk müraciətinin “Səs” qəzetində dərc edildiyini deyən B.Quliyev əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin həmin ziyalılara cavabı da məhz “Səs” qəzetində dərc edilib: “Mən bu sənədi müstəqilliyimizin qorunması naminə yazılmış Konsepsiya adlandırardım. Çünki həmin sənəddə müstəqilliyin qorunması naminə atılmalı addımlar öz əksini dəqiqliyi ilə tapmışdı. Sənəddə iqtisadi layihələr, hüquqi bazanın formalaşdırılması, kadrlardan düzgün istifadə, eləcə də müharibəyə son qoymaqla bağlı atılacaq addımlar qeyd olunmuşdu. Amma bunları yerinə yetirəcək liderə ehtiyac var idi. 1992-ci ildə heç kim bunları yerinə yetirə bilmədi. Ulu Öndər bu çətin missiyanı yenə də öz üzərinə götürərək Azərbaycanı bəlalardan qurtardı”. Bu gün Azərbaycanın dünyaya müasir ölkə kimi təqdim olunduğunu deyən “Səs” Media Qrupunun rəhbəri qeyd edib ki, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan Avropaya yeni standartlar nümayiş etdirməklə yanaşı, dünyəvi ölkə olduğunu ortaya qoydu: “Bu il isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, öz kökünə, müsəlmançılığa sadiqliyini göstərdi. Yaşasın Müstəqil Azərbaycan!”.
Tədbirin sonunda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov vurğulayıb ki, bu gün müstəqilliyimizin ayaqda durmasının əsas səbəbkarı Ulu Öndərdir: “Məhz o çətin dövrdən sonra Ümummilli Liderin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişaf etməsi və hazırda bu siyasətin uğurlu davamı Azərbaycanın işıqlı gələcəyini göstərir. Bu gün ölkəmizdə bütün sahələrdə islahatlar keçirilir və bizim universitetimizdə bu sahədə ciddi işlər görülür. Ali məktəbimizdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Pedaqoji heyət tamamilə yenilənib. Biz bu işləri görərək Ulu Öndərin xatirəsi qarşısında öz üzərimizə düşən vəzifələri yerinə yetirmiş oluruq. Hər kəsi qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm. Əminəm ki, biz bu günü işğal olunmuş torpaqlarda qeyd edəcəyik”. Tədbir digər çıxışlarla davam edib.

Nailə Məhərrəmova

Digər xəbərlər