Siyasət

  • 2 382

Baş nazir Artur Rasi-zadə: Azərbaycan Estoniya ilə qarşılıqlı faydalı əməkdaşlığa önəm verir

image

İyunun 12-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakıda səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser ilə görüşüb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən Baş nazir Artur Rasi-zadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir. Bu baxımdan ölkələrimiz arasında davam edən xoşməramlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün siyasi iradə və zəruri hüquqi baza mövcuddur.
Söhbət zamanı vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ticarət, turizm, humanitar sferalarda dövlət və özəl sektor təmsilçilərinin müştərək layihələr üzərində işləməsi, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Qeyd edilib ki, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu şəraitdə mövcud potensialdan daha səmərəli istifadə etmək vacibdir.
Görüşdə beynəlxalq və regional problemlər ətrafında söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasi-zadə münaqişənin nizama salınması istiqamətində respublika rəhbərliyinin göstərdiyi səylərdən, lakin bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışıb və bir daha xatırladıb ki, məsələnin həlli yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər