Siyasət

  • 3 620

Regionların sosial-iqtisadi inkişafı dövlətin prioritetidir

image

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənərək reallaşdırılan regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları respublikamızın bölgələrində böyük dönüş yarada bilib
Bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regional inkişaf üzrə dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də, ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər reallaşdırılır.
Məhz Azərbaycan Prezidenti İlham Əliyevin son sərəncamları bu tədbirlərin daha da sürətləndirilməsinə xidmət edir. Belə ki, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən, Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Lənkəran şəhər icra hakimiyyətinə 7,5 milyon manat, Astara şəhərində Dənizkənarı Park-Bulvar Kompleksi ərazisinin genişləndirilməsi üçün Astara rayon icra hakimiyyətinə 3 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Həmçinin, on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Bununla yanaşı, Astara şəhərində Dənizkənarı Park-Bulvar Kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon icra hakimiyyətinə 3 milyon manat ayrılıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin son bir neçə gün ərzində imzaladığı sərəncamlarla bölgələrin inkişafı üçün 30 milyon manata yaxın maliyyə vəsait ayırıb. Məhz bu günə qədər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənərək reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları respublikamızın bölgələrində böyük dönüş yarada bilib, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rol oynayıb. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillik, iqtisadi güc və siyasi iradədir. Eyni zamanda, iqtisadi inkişafın başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir və Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır.

“Səs” Analitik Qrupu

Digər xəbərlər