Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını uğurla yerinə yetirir

YAP Kürdəmir rayon təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının X konfransı keçirilib. Konfrans nümayəndələri ilk öncə Azərbaycan xalqının Dahi Lideri, partiyanın qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri düzmüş, Ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Konfrans rayon Heydər Əliyev Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlamışdır. Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin müdrik düşüncəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə həyata keçirilən fəaliyyətin ideya-siyasi təminatçısı rolunu müvəffəqiyyətlə yerinə yetirir.
A.Kərimli onu da qeyd etmişdir ki, 17 iyul 1993-cü ildə təsis edilmiş Yeni Azərbaycan Partiyasının ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl formalaşmış Kürdəmir rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə, partiya rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir: "Hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 9080 nəfərdir ki, bunların 4034 nəfəri, yəni 44,4 faizi gənclər, 3340 nəfəri, yəni 36,7 faizi qadınlardır. Hesabat dövrünü əhatə edən müddətdə 2621 nəfər partiya sıralarına qəbul olunmuşdur. Bunlardan 893 nəfər qadınlar, 1190 nəfər gənclərdir. Seçkili orqanların işinin düzgün təşkili, iclalarının vaxtlı-vaxtında və hazırlıqlı keçirilməsi, günün vacib məsələlərinə aid düşünülmüş qərarların qəbulu və onların icrasının təmin olunması daim diqqət mərkəzində saxlanılmışdır".
Konfrans YAP Kürdəmir rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Həsən Hidayətovun hesabat məruzəsini də dinləmişdir. Məruzələr ətrafında rayon təşkilatının idarə heyətinin üzvü, rayon təşkilatı qadınlar şurasının sədr müavini Elmira Şıxəliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri, poliklinika ərazi ilk partiya təşkilatının sədri Sabir Novruzov və Carlı kənd tam orta məktəbinin direktor müavini Abduləziz Hüseynov çıxış etmişlər.
Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və möhtərəm Prezidentimiz, YAP-ın Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və dəqiq siyasətdən bəhs etmiş, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Konfransın qətnaməsi oxunaraq təsdiq edilib, təşkilati məsələlər müzakirə olunub.YAP Kürdəmir rayon təşkilatının 51 nəfərdən ibarət şurası, 21 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir. Ağali Kərimli yenidən YAP Kürdəmir rayon təşkilatının sədri seçilmişdir.
Sonda YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.

Rəfiqə