Siyasət

  • 3 048

Quba "Soyqırımı Memorial Kompleksi"nin mövcud vəziyyəti araşdırılır

image

Erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti iki yüzillik tarixi əhatə edir. Bu illər ərizində minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, soyqırımı siyasəti həyata keçirilib. Ötən əsrin əvvəllərində Bakı, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə törədilən qanlı faciələrin ağrısını xalqımız zaman-zaman yaşamışdı. Törədilən qətliamlar sırasında Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmış, insanlar amansızlıqla qətlə yetirilmişdir. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar edilməsi erməni daşnakların əməllərinin, iç üzlərinin ifşasında daha bir önəmli fakt oldu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi" yaradıldı. Bu, Quba Soyqırımı Memorial Kompleksi - 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində, həlak olan on minlərlə azərbaycanlının xatirəsini əbədiləşdirib.
Kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunduğundan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıqlarını verib. Tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb. Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün aidiyyəti orqanların nümayəndələrindən, həmçinin, mütəxəssislərdən ibarət komissiya yaradılıb. Qeyd edək ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov komissiyanın sədri təyin edilib.
Yaradılmış komissiya iyunun 9-da kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirib və müvafiq müzakirələr aparıb. Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleksin ən müasir standartlara cavab verdiyini və öz möhtəşəmliyi ilə seçildiyini bildirib:"Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır".
Ə.Həsənov son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsinin müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, daxil olan təkliflər yaxın zamanlarda öyrəniləcək və sistemləşdirilərək, Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.
Erməni daşnaklarının Qubada həyata keçirdiyi soyqırımı qurbanlarının xatrəsini əbədiləşdirən Komplekslə bağlı problemin aradan qaldırılmasına dair ilkin təkliflər var. Bu gün Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, xüsusən, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi"nə tez-tez səfərlər edir, eləcə də, dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi ziyarət edirlər. Erməni daşnaklarının törətdikləri vəhşilikləri özündə əks etdirən bu kompleksi qoruyub, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər