Siyasət

  • 3 115

Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-praktik seminar keçirilir

image

‪Azərbaycanda torpaqların elmi əsaslarla idarə edilməsi sahəsində, torpaqlardan səmərəli istifadə edilməsində, bu sahənin formalaşmasında görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin müstəsna xidmətləri olub.

Bu fikirlər iyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-praktik seminarda səsləndirilib.
‪“Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi seminarı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) AMEA ilə birgə təşkil edib. Tədbirin keçirilməsində məqsəd torpaq idarəçiliyində, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadədə, o cümlədən torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsində, kənd təsərrüfatı ərazilərinin planlaşdırılmasında ən son elmi nailiyyətlərin, müasir innovativ yanaşmaların tətbiqi ilə əlaqədar qarşılıqlı elmi-tədqiqat işlərinin təkmilləşdirilməsidir.
‪AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ölkəmizdə dövlət qayğısı sayəsində elmin inkişafı, ən son yeniliklərin tətbiqi, elmi fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı mühüm işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi də torpaqların səmərəli idarə olunmasında, kadastr uçot işlərinin aparılması istiqamətində elmi yeniliklərdən istifadə etməklə fəaliyyətini daha da təkmilləşdirib.
‪ƏMDK-nın sədri Kərəm Həsənov qeyd edib ki, ölkəmizdə bu gün elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir.
Seminarda akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə coğrafiya elminin inkişafına verdiyi töhfələrdən danışılıb, mövzu ilə bağlı məruzələr dinlənilib.
Tədbir çərçivəsində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq.

yap.org.az

Digər xəbərlər