Siyasət

  • 3 277

Yeni Azərbaycan Partiyası xalq dəstəyinə malik qüdrətli siyasi təşkilatdır

image

YAP Goranboy rayon təşkilatının IX konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının IX konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov hesabat məruzəsi ilə çıxış edərək, qeyd edib ki, rayon təşkilatı 87 ərazi ilk partiya təşkilatında 7200 nəfəri öz ətrafında birləşdirir: "Üzvlərin 3847 nəfərini qadınlar, 2085 nəfərini isə gənclər təşkil edir. Rayonun seçki məntəqələrində yerləşən ərazilərdə ilk partiya təşkilatları fəaliyyət göstərir. Üzvlərin 639 nəfəri mədəniyyət, 518 nəfəri səhiyyə sahəsində, 266 nəfəri idarəetmədə, 2693 nəfəri təhsildə, 2601 nəfəri digər sahələrdə çalışırlar".
Konfransda YAP Goranboy rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Maksim Bayramovun hesabat məruzəsi dinlənilib. Çıxış edən rayon təşkilatının şura üzvü Rüstəm Budaqov, mədəniyyət və turizm şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, YAP Goranboy rayon təşkilatı qadınlar şurasının sədr müavini Yeganə Məmmədova partiyanın yaranması və fəaliyyəti barədə danışıblar, təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır: "1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Bu fikrin davamı olaraq isə Prezident İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Bu gün partiyanın 700 minə yaxın üzvü ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verirlər. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirakları ilə həyata keçirilən siyasətə dəstək olduqlarını nümayiş etdirirlər."
Konfransda çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, partiya zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır: "YAP-ın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətə əsaslanır. Yarandığı gündən dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan YAP bu gün nəinki ölkənin, ümumiyyətlə, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir."
B.Quliyev Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin, eyni zamanda Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edib ki, bu gün Azərbaycan böyük quruculuq meydançasını xatırladır. Goranboy rayonunun timsalında bu inkişafı və tərəqqini aydın şəkildə görmək olur.
Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın tarixində önəmli bir hadisədir: "Ötən dövrdə Azərbaycan düzgün qurulan siyasətin sayəsində inkişaf və tərəqqi yolunda inamla irəliləyərək, bu gün beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkana, eyni zamanda, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır durum aydın şəkildə görünür. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də, məhz həmin dövrün reallıqları idi."
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. YAP Goranboy rayon təşkilatının 31 nəfərdən ibarət şurası, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Elçin İsmayılov yenidən YAP Goranboy rayon təşkilatının sədri seçilib. Konfransda, həmçinin, 11 nəfərdən ibarət idarə heyəti və təşkilatın sədr müavinləri seçilib.
Sonda YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal YAP üzvləri isə fəxri fərmanla təltif edilib.

Rövşən

Digər xəbərlər