Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə elmi-praktik konfrans keçirilib

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən elmi-praktik konfransda çıxış edən partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tərəfindən səsləndirilib. Əmir Babayev bildirib ki, Ulu Öndər xalqımıza həm də zəngin maddi və mənəvi dəyərləri olan, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini əmanət edib. Qədirbilən xalqımız Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü işləri heç vaxt unutmayacaq.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı idarə heyətinin üzvü Ünbülbanu Musayeva, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev, partiya fəalı Sevda Seyidova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra siyasi müdrikliyi, polad iradəsi və yüksək səviyyədə idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf edib, Azərbaycan xalqını bəlalardan qurtarıb. Dahi şəxsiyyət müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə, beynəlxalq müstəvidə əlaqələrin qurulmasına çalışıb, beləliklə də, dünya dövlətlərinin diqqətini təbii ehtiyatlarla zəngin olan Azərbaycana yönəldə bilib. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi mərhələnin əsası qoyulub: ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf edib, iqtisadi tənəzzülə son qoyulub, strateji inkişaf xətti müəyyənləşdirilib. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi dayaqlarını möhkəmləndirib və respublikanın ümumi inkişafını təmin edib.
Çıxışlarda vurğulanıb ki, bugünkü müstəqil, güclü Azərbaycan dövləti Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin yadigarıdır. Bu böyük şəxsiyyətin ölkəmizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

yap.org.az