Siyasət

  • 2 264

YAP-ın təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib

image

İyunun 14-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib.

Tədbirdə əvvəlcə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar film nümayiş olunub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilib.
Konfransda çıxış edən Azərbaycan Respbulikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: «Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də, biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət və milli müstəqilliyinin yenidən bərpa etməsidirsə, ikincisi Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür».
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, republikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
“Ulu öndər sabitliyi təmin etdikdən sonra ölkənin inkişafının bünövrəsinin yaradılması kimi ikinci bir missiyanı-quruculuq missiyasını üzərinə götürdü. İqtisadi islahatların həyata keçirilməsi, neft müqavilələrinin imzalanması, torpaq islahatı, siyasi, sosial, mədəni sahədə islahatlar, beynəlxalq əlaqələrin qurularaq möhkəmlənməsi və s. tədbirlər həyata keçirildi. Bununla da, qayıdışdan başlayan möhtəşəm quruculuq mərhələsi öz əsasını götürmüş oldu” - deyə, YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov deyib ki, bu gün qurtuluş haqda danışarkən, göz önündə indiki Azərbaycan reallıqları dayanır. Belə ki, 1990-cı illərin əvvəlində böhrandan əziyyət çəkən Azərbaycanın yerində günü-gündən inkişaf edən, dünya birliyində layiqli yer tutan, regionda lider funksiyalarını artıq birdəfəlik öz əlinə almış Azərbaycan canlanır. “Biz, qurtuluşun məntiqi haqqında danışarkən insanların həyatında baş verən dəyişiklikləri də göz önünə gətiririk. Çünki bu dəyişikliklərin başlıca mənası insanların həyatının müsbət mənada dəyişməsi ilə bağlıdır. Biz artıq yeni mühitdə yaşayırıq, insanların həyata baxışı dəyişib. Qurtuluş bugünkü Azərbaycandır, onun insanıdır. Milli qurtuluş Azərbaycanın inkişafının etibarlı dayağıdır və uzun illər Azərbaycana xidmət edəcək” - deyə, Baş nazirin müavini vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli Qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 13 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması, əhalinin rifah halının yaxşılaşması bu inkişafın əsas göstəriciləridir.
Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını qeyd edən Əli Əhmədov deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatı daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir. Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şxaələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Baş nazirin müavini bu islahatlar nəticəsində Azərbaycanın daha sürətlə inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayan Əli Əhmədov partiyanın sıralarında birləşən 700 min insanın Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verdiyini bildirib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxışında bildirib ki, 15 İyun Milli Qurtuluş Günü milli dövlətçilik tarixmizdə xüsusi yer tutur. Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, lakin iki il sonra xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyin boğulması təhlükəsini reallaşdırırdı. A.Əsgərov qeyd edib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində bu təhlükə sovuşdu, Azərbaycan özünün əsl müstəqilliyini əldə etdi. Əgər 15 İyun Milli Qurtuluş Günü olmasaydı, ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyi gözləyirdi. Natiq bildirib ki, Ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi bərpa edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Onun sözlərinə görə, bu gün Azərbaycan güclü dövlətdir və Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.
Tədbirdə Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova və YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Elnurə Cəfərzadə çıxış edərək 15 İyun-Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın milli qurtuluşdan başlanan inkişaf və tərəqqisi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda bildirilib ki, bütün Azərbaycan vətəndaşları, o cümlədən gənclər müstəqil Azərbaycanın daha da inkişafı və güclənməsi üçün dövlət başçısının ətrafında sıx birləşiblər.

yap.org.az

Digər xəbərlər